Ən yeni tariximizin mühüm hadisələrindən biri də noyabrın 20-sinin Ağdam Şəhəri Günü kimi qeyd olunmasıdır. Bu, 44 günlük Zəfər savaşımızın bizə ərmağan etdiyi əvəzsiz yeniliklərdən biridir. Belə ki, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, bundan sonra hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bəli, Vətən müharibəsi ölkəmizdə və bütövlükdə Cənubi Qafqazda yeni reallıqlar yaratdığı kimi bayramlarımızın da sayını artırıb. Təki qələbə bayramlarımızın sayı çox olsun!
Ağdam Şəhəri Gününün təsis edilməsi də bilavasitə Qələbəmizlə bağlıdır. Belə ki, bu əlamətdar günün Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədar təsis olunub. Dünya hərb tarixinin nadir hadisələrindən sayılan Ağdamın bir güllə atılmadan mənfur erməni işğalından azad edilməsi məhz noyabrın 20-nə təsadüf edir və bu da Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində mümkün olub.
Bu gün 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayaraq ağır döyüşlər hesabına işğal altında olan torpaqların Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilməsinin məntiqi nəticəsi olaraq Ağdam şəhərinin heç bir canlı itki vermədən erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
1993-cü il iyulun 23-də işğal olunan və ermənilərin misli görünməmiş vandalizmi və talançılığı sayəsində dünyada “Ruhlar şəhəri” kimi ad qazanan Ağdam 27 il davam edən işğal dönəmində həm tamamilə dağıdılıb talan edilmiş, həm də büsbütün minalanmış və ən möhkəm istehkamların qurulduğu bir əraziyə çevrilmişdi. Məkrli ermənilər Azərbaycanın nə vaxtsa öz torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə məhz Ağdamda dərhal darmadağın ediləcəyinə dərin ümid bəsləyirdilər. Bəli, bu bir danılmaz faktdır ki, onlar ordumuzun ilk olaraq məhz bu istiqamətdən əks-hücuma keçəcəyini gözləyirdilər. Lakin Ali Baş Komandanımızın düzgün qərarının nəticəsində Azərbaycan Ordusu hərbi fənd işlədərək əsas döyüş əməliyyatlarını Ağdam istiqamətində aparmaq variantını kənara qoydu. Belə ki, Ordumuz o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatları aparmaqla düşmən tərəfində böyük çaşqınlıq yaratdı. Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşdü. Bu da İkinci Qarabağ müharibənin gedişində mühüm dönüş yaratdı və eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərliyini çıxılmaz duruma saldı.
Şuşanın azad edilməsindən sonra heç şübhəsiz ki, Ağdamı hərbi yolla azad etməyimiz daha da asan olacaqdı. Lakin Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyin mümkün olmadığını bütün çılpaqlığı ilə görən Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamağın qaçılmaz olduğunu başa düşdü və Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşaraq 2020-ci ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanata imza atdı. Məhz həmin bəyanatın müddəalarına uyğun olaraq Ağdam rayonu Ordumuzun əlavə güc tətbiqinə ehtiyac qalmadan noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu tarixi hadisə canlı qüvvə baxımından xeyli itki verməyimizin qarşısını aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi-siyasi uzaqgörənliyi və diplomatik zəkası Ağdamı, Kəlbəcəri, Laçını qansız-qadasız azad etməyimizə imkan yaratdı. Noyabrın 20-də Azərbaycan Ordusunun bölmələri Ağdam şəhərinə daxil oldu və orada dövlət bayrağımız ucaldıldı. Beləliklə, Birinci Qarabağ müharibəsi zamanı 6 min nəfərə yaxın şəhid verən və tamamilə dağıdılan Ağdamın 27 illik işğalına həmişəlik son qoyuldu. Noyabrın 23-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər edərək mənfur erməni işğalının ağır nəticələri ilə tanış oldular. Eyni zamanda dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldıraraq tarixi sahiblik haqqımızı bərpa etdi.
44 günlük müharibənin başa çatmasından sonra işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Ağdam rayonunda da geniş təmir, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə start verilib. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri sürətlə davam edir. Ötən üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdama səfər edərək yenidənqurma işlərininin gedişatı ilə tanış olublar, orada keçirilən tədbirlərdə və açılış mərasimlərində iştirak ediblər.
27 il işğalın xarabalıqları altında inləyən Ağdam indi yenidən qurulur, dirçəldilir və tam müasir bir şəhərə çevrilir. Başqa sözlə desək, Ağdam ikinci azadlığını yaşamağa başlayıb. Yenidən qurulmaqda olan bu tarixi şəhərimiz indi Böyük Qayıdışa hazırlaşır. Son bir il ərzində Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfərləri zamanı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin və inzibati binanın təməlini qoyublar. Həmçinin Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi də sürətlə davam etdirilir, yollar, elektrik xəttləri, su təchizatı və digər infrastrukturlar yenidən qurulur. Bütün bu proseslər onu deməyə əsas verir ki, ağdamlıların öz duğma yurdlarına qayıdacaqları günə elə də çox qalmayıb.
Ağdam çox mühüm strateji mövqeyi ilə fərqlənən ərazilərimizdən biridir və belə demək mümkünsə, Qarabağın qapısı sayılır. Bu şəhərin işğaldan sonrakı sürətli dirçəlişi və inkişafı Azərbaycan xalqının həm sahiblik haqqını, həm də qurucu xarakterini bütün dünyaya nümayiş etdirməyimiz üçün əsas istinad yerimiz olacaq. Ora gələn xarici qonaqlar Birinci Qarabağ müharibəsindən sonra dağıdılan Ağdamın simasında erməni vandalizmini, yeni Ağdamın simasında isə Azərbaycan xalqının qurucu, yaradıcı ruhunu əyani surətdə görmək və müqayisə etmək imkanı qazanacaqlar.
Bu gün Ağdamın dirçəlişinə ən çox sevinənlərdən biri də mənəm. Ağdam mənim üçün ən əziz, müqəddəs yerlərdən biri sayılır və Birinci Qarabağ müharibəsi zamanı mən də Ağdamın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişəm, yaralanmışam. Bu gün uğrunda döyüşdüyüm Ağdamın azadlığını görmək həqiqətən də çox möhtəşəm bir hissdir. Azadlığın mübarək olsun, əziz Ağdam!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri