Müzəffər Ali Baş Komandanımızın qəbul etdiyi Xankəndi paradı dünyaya həm gücümüzü, həm də sahiblik haqqımızı göstərdi

0

Sentyabr, oktyabr və noyabr ayları son üç ildə xalqımıza Qələbə sevinci bəxş edən aylara çevrilib. Sentyabrın 19-20-də lokal antiterror tədbirlərinin uğurla başa çatmasından və Qarabağda erməni separatizminə son qoyulmasından sonra, oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldıldı. Noyabrın 8-də isə Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin 3-cü ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bütün bunlar son 100 illiyə damğasını vuran və ən yeni tariximizdə öz xüsusi yeri olan hadisələrdir.

Noyabrın 8-də Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən Zəfər paradını hər bir azərbaycanlı qürur hissilə izlədi. Bu həm də mədəniyyət paytaxtımız olan Şuşanın işğaldan azad edildiyi günün şərəfinə təşkil olunan parad kimi dünyaya səs saldı. Şuşa 3 il bundan əvəl məhz ordumuzun xüsusi qəhrəmanlığı, fədakarlığı sayəsində işğaldan azad edildi. Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında Şuşa əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini ayrıca olaraq qeyd etdi: “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”.

Cənab Prezident qeyd etdi ki, üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsindən bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı və beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, həqiqətən də tarixi hadisədir. Bu hadisənin tarixi əhəmiyyəti ondadır ki, Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini tam və qəti şəkildə həll etdi. Məhz bu hadisədən sonra Ermənistan rəhbərliyi vəziyyətin çıxılmazlığını dərk etdi, kapitulyasiyaya məcbur oldu və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Dövlətimizin başçısının hərbi paradda qeyd etdiyi kimi Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq.

Azərbaycan Prezidenti paraddakı çıxışında həmin vaxt Xankəndinin bir addımlığında hərbi əməliyyatların dayandırılması qərarının düzgün qərar olduğunun zamanla da təsdiqləndiyini diqqətə çatdırdı: “O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır”. Həmin vaxt döyüş əməliyyatlarının dayandırılması nəticəsində Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan, heç bir canlı itki vermədən azad edildi. Bu da bizim diplomatik mübarizə meydanında qazandığımız önəmli qələbə idi. Bu, bir daha onu göstərir ki, dövlət başçımızın hər bir addımı Azərbaycan xalqının bu gününə və gələcəyinə xidmət üçün hesablanır.

Dövlətimizin başçısı Xankəndidəki parad kürsüsündən Ermənistan rəhbərliyinin və onun havadarlarının diqqətinə olduqca maraqlı bir məqamı çatdırdı: “Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”. Lakin əfsuslar olsun ki, nə Ermənistanın keçmiş rəhbərləri, nədəki hazırkı baş nazir Nikol Paşinyan rəsmi Bakının davamlı sülh çağırışlarına adekvat reaksiya vermədi, konstruktivlik nümayiş etdirmədi. Bunun da nəticəsi məhz Ermənistanın özü üçün acınacaqlı oldu.

Ermənistan rəhbərliyi eyni səhvə 44 günlük müharibədən sonrakı dönəmdə də yol verməyi davam etdirdi, 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməkdən boyun qaçırdı və rəsmi Bakının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Qarabağda separatçılığı daha da körüklmək yolunu tutdu. Lakin Prezident İlham Əliyev müxtəlif kürsülərdən dəfələrlə bəyan etmişdi ki, biz bu vəziyyətlə barışmayacağıq, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Belə də oldu. Və bu da onların faciəsidir. Azərbaycan Prezidentinin vurğuladığı kimi əgər o vaxt rəsmi Bakının çağırışlarına düzgün yanaşsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Bu mənada, onların bütün bəlalarının səbəbkarları elə onların özləridir.

Prezident həmçinin hərbi paraddakı çıxışında illər öncə andiçmə mərasimində Azərbaycan xalqına söz verdiyi məqamı da xatırladı: “İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək”.

Dövlət başçımızın sarsılmaz inamı və gərgin əməyi illər sonra öz müsbət nəticəsini verdi, Şuşada bayrağımız sancıldı, Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçirildi. Bu mənada, Cənab Prezidentin bu fikirləri tam da yerinə düşür: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.

Olduqca çətin və mürəkkəb relyefə malik Qarabağ və Şərqi Zəngəzur ərazilərinin, xüsusən də Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixində həqiqətən də qeyri-adi hadisələrdən biri sayılır. Hərbçilərimizin şücaəti sözün əsl mənasında qəhrəmanlıq dastanıdır. Azərbaycan xalqının çoxəsrlik tarixində bənzərsiz hadisələrdən biri olan Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar tarix dərsliklərində yer alacaq, hərbi məktəblərdə tədris olunacaq. Dövlət başçımızın da qeyd etdiyi kimi, “nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir”.

Bu mənada, ordu quruculuğu, maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması bir nömrəli vəzifə olmaqla yanaşı, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi də 44 günlük müharibədə bizi Qələbəyə doğru əsas amillərdən biri oldu. Azərbaycan məhz bu amillərə əsaslanaraq 20 il ərzində bu günə doğru gedirdi, hazırlıq işləri aparılırdı və beynəlxalq hüquq müstəvisində ölkəmizin mövqeləri möhkəmləndirilirdi. Odur ki, tam əminliklə deyə bilərik ki, Azərbaycan Oordusu yalnız işğalçı Ermənistana yox, həmçinin dünya erməniçiliyinə qalib gəldi və ermənilərin havadarlarına xalqımızın əzmini, dövlətimizin gücünü göstərdi. Bu baxımdan Cənab Prezidentin Zəfər paradının kürsüsündən söylədiyi aşağıdakı fikirlər həm Ermənistana, həm də onun havadarlarına ünvanlanmış birbaşa, açıq mesajdır: “Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Bəli, biz öz hərbi gücümüzə, siyasi iradəmizə arxayınıq. Lakin eyni zamanda onu da qeyd etməliyik ki, ermənilərdən fərqli olaraq biz qisasçı xalq deyilik, revanşizmə can atmırıq və yeni müharibə planlarımız da yoxdur. Çünki dövlət başçımızın da qeyd etdiyi kimi biz öz hədəflərimizə artıq nail olmuşuq, beynəlxalq hüququn prinsiplərini təmin etmişik, tarixi ədaləti bərpa etmişik, milli ləyaqətimizi bərpa etmişik və düşmənə də onun yerini göstərmişik. Ona görə də bundan belə heç kim Azərbaycanı yeni müharibəyə can atmaqda ittiham edə bilməz. Son vaxtlar dünya mediasında guya Azərbaycanın Ermənistan ərazilərini işğal etməyə hazırlaşdığı barədə erməni lobbisinin sifarişi ilə yayılan şayiələr də elə şayiədən, dezinformasiyadan, feyk-xəbərçilikdən başqa bir şey deyil.

Əlbəttə, biz istənilən müstəvidə döyüşə hazırıq. Biz bunu həm siyasi, həm də lazım olanda hərbi meydanda göstərmişik. Lakin biz militarizmə meylli, ifrat silahlanmaya can atan ölkə deyilik. Və bizim son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar bir tərəfdən bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmağa xidmət edirdisə, digər tərəfdən isə bu əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi. Prezidentin də qeyd etdiyi kimi bu mesaj ondan ibarət idi ki, “bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”.

Təəssüf ki, Ermənistan bu çağırışlara adekvat yanaşmadı və bunun acı nəticəsini də gördü. Düşmən bizim qabağımızda diz çökdü və biz bütün vəzifələri icra etdik, beynəlxalq hüququ öz ərazimizdə tətbiq etdik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Və indi bizim əsas vəzifəmiz siyasi və hüquqi müstəvidə sülhə nail olmaq, Qələbəmizin nəticələrini möhkəmləndirmək, təhlükəsizliyimizi təmin etməkdir. Ona görə də ordu quruculuğu məsələləri bundan sonra da bizim üçün prioritet məsələlərdən biri olacaq. Dövlət başçısının bildirdiyi kimi Azərbaycan günü-gündən Ordusunu gücləndirir və bu gün Azərbaycanla təhdid dilində danışmaq mənasızdır. Bunu hamı bilməlidir. Ermənistanı idarə edənlər isə öz səhvlərinin ağır nəticələrini heç vaxt unutmamalıdırlar. Xankəndidəki Zəfər kürsüsündən Ermənistan rəhbərliyinə revanşizm siyasəti yürütməmək mesajı verildi.

Bəli, proseslərin gedişatı onu göstərir ki, rəsmi İrəvan məğlubiyyətlərdən düzgün nəticə çıxarmaq, iki ölkə arasında münasibətlərin tezliklə tənzimlənməsini istəmir və yekun sülh sazişinin imzalanmasında maraqlı deyil. Bunun əksinə, Ermənistan Fransa, Hindistan, Kanada kimi havadarlarının təhriki ilə yenidən silahlanmaya can atır, sərhəddə təxribatlar törətməyə hazırlaşır. Ona görə də Azərbaycan bundan sonra da müdafiə və təhlükəsizliyimizin möhkəmləndirilməsi üçün gərəkən addımları atacaq və ordu quruculuğunu davam etdirəcək.

Ermənistan kimi təxribatçı və davakar qonşusu olan bir ölkə kimi biz öz hərbi gücümüzü daim artrırmağa məhkumuq. Və biz bundan sonra öz ərazilərimizdə heç bir qüvvvənin separatçılıq cəhdlərinə imkan verməyəcəyik. Dövlət başçımız da bunu birmənalı olaraq bəyan etdi: “Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”.

Hərbçilərimizi Zəfər Günü münasibətilə təbrik edən və onlara təşəkkürünü bildirən dövlət başçımız çıxışında əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını vurğuladı və qeyd etdi ki, biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik. Bu baxımdan, Prezidentin Zəfər nitqi Azərbaycan xalqı ilə erməni xalqının, Azərbaycan hərbçiləri ilə Ermənistan əsgər və zabitlərinin fərqini görmək, onların mənəvi keyfiyyətlərini müqayisə etmək baxımından da olduqca ibrətamizdir. Belə ki, Cənab Prezident bildirdi ki, Azərbaycan əsgər və zabiti 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək əsl qəhrəmanlıq göstərib: “Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.

Odur ki, bu gün bizim Azərbaycan Ordusunu nümunəvi ordu hesab etməyə, Qalibiyyət ordusu adlandırmağa və hərbçilərimizlə fəxr etməyə tam haqqımız çatır. Bir əcnəbi jurnalistin qeyd etdiyi kimi “belə döyüş, belə dövlət və vətən sevgisi görən olmayıb! Dağ yuxarı, şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı Azərbaycan əsgəri. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar”. Bəli, qəhrəman hərbçilərimiz öz şücaətləri ilə gerçəkdən də həm tarix yaratdılar, həm də tarix yazdılar. Müzəffər Ali Baş Komandanımızın qəbul etdiyi Xankəndi paradı isə dünyaya həm gücümüzü, həm də sahiblik haqqımızı göstərdi. Hamı gördü ki, Xankəndinin əsl sahibi bizik!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »