Azərbaycan beynəlxalq hüququ siyasi iradə və hərbi güc yoluyla təmin etməyi bacaran ölkədir

0

Cənubi Qafqazın yeganə səbatsız və güvənsiz dövləti kimi tanınan təcavüzkar Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyət sənədini – 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatını imzalamasından 3 il ötür. Bəli, düz 3 il bundan əvvəl (2020-ci il sentyabrın 20-də) başlanmış və 44 gün davam edən ”Dəmir Yumruq” kod adlı əks-hücum əməliyyatımız tarixi Zəfərin əldə edilməsi ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərində misli görülməmiş qəhrəmanlıq və şücaətlə irəliləyən Ordumuzun fədakarlığı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Ən sonda isə hərbçilərimiz əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından azad etdi.

Ordumuzun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin məğlubiyyətini qaçılmaz etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anladı və Şuşanın işğaldan azad edilməsindən 1 gün sonra atəşkəslə bağlı sənədi imzalamağa razılıq verdi. Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı. Bununla da Azərbaycan işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

Bu bəyanatın digər bəyanatlardan bir mühüm cəhəti ondan ibarət idi ki, Üçtərəfli Bəyanat siyasi sənəd olmaqla bərabər, həm də hüquqi öhdəlikləri olan kapitulyasiya aktı idi. Üç ölkənin rəhbərlərinin imzaladığı bu sənədlə regionun inkişafına təhdid yaradan işğalçı siyasətə son qoyuldu, eləcə də 30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və münaqişənin özü də, “status-kvo” da tarixə qovuşdu. Cənab Prezidentin məşhur ifadəsi ilə desək, gorbagor oldu. Beləliklə, düz 30 il danışıqlar prosesini süni surətdə uzadan Ermənistan, “Minsk üçlüsü” deyilən mənfur havadarlarının dəstəyilə nail olmaq istədiyi hədəflərinin heç birini əldə edə bilmədi. Bunun nəticəsində “Böyük Ermənistan” və “Miatsum” kimi regionu qan çanağına döndərən məşum planlar da iflasa uğradı.

44 günlük mücadiləmizin nəticələrinin rəsmiləşdirildiyi 10 noyabr Bəyanatı ilə tarixi ədalətsizliyə son qoyuldu. Parlaq Zəfərimizin sayəsində tarixi ədalət bərpa olundu. Azərbaycanın qalibiyyət, Ermənistanın isə məğlubiyyət sənədi olan Üçtərəfli Bəyanatda rəsmi İrəvanın postmüharibə dönəmindəki öhdəlikləri ifadə edilmişdi. Bəyanata uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının işğaldan azad edilməsi dinc yolla həyata keçirilməli idi. Belə də oldu. Adı çəkilən rayonlarımız bir güllə belə atılmadan işğalçı Ermənistandan geri alındı. Bu da hərbi qələbəmizin məntiqi davamı olan siyasi-diplomatik qələbəmiz idi.

Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı qeyd etdiyi kimi, əlbəttə, Azərbaycan Ordusu o zaman bütün ərazilərimizi azad etmək üçün kifayət qədər böyük gücə, potensiala malik idi. 44 gün ərzində hər gün irəli gedən, döyüş ruhu, torpaq, Vətən sevgisi ilə dünyanı heyran edən Azərbaycan əsgəri və zabiti üzərinə düşən missiyanı sonadək şərəflə yerinə yetirmək və Ağdamı, Kəlbəcəri, Laçını da savaş yoluyla azad etmək iqtidarında idi. Lakin həmin vaxt müharibənin davam etdirilməsi daha böyük insan itkisi ilə, şəhidlərimizin sayının daha da artması ilə nəticələnə bilərdi. Ona görə də hərbi əməliyyatlar Xankəndinin bir addımlığında dayandırıldı. Və zaman göstərdi ki, bu, həqiqətən də düzgün və müdrik qərar idi. Dövlət başçısı da paraddakı çıxışında bu məqamı xüsusi olaraq vurğuladı.

Üçtərəfli Bəyanat haqqında danışarkən bir mühüm cəhəti də qeyd etməliyik ki, sözügedən sənəd 2020-ci ilin 10 noyabr tarixində imzalanarkən Rusiya tərəfi Bəyanatın müddəalarının yerinə yetirilməsinə zəmanət öhdəliyini üzərinə götürmüşdü. Lakin son 3 ildə sözügedən Bəyanatın bir sıra maddələri yerinə yetirilməmiş qaldı. Belə ki, rəsmi İrəvan qoşunlarının qalıqlarını Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürsə də, lakin bu öhdəliyini icra etmədi. Ona görə də Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməklə BMT-nin məlum qətnamələrinin icrasını özü təmin etdiyi kimi, 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz erməni silahlılarını təslim olmağa məcbur etməklə Üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını da özü həyata keçirməli oldu. Nəticədə, 24 saatdan da az davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu həm Ermənistan ordusunun 10 min nəfərlik heyətini, həm də təpədən dırnağadək silahlandırılmış separatçıları darmadağın etdi, onları ağ bayraq qaldırmağa, təslim olmağa məcbur etdi.

Beləliklə, bir tərəfdən Üçtərəfli Bəyanatın 4-cü maddəsi icra edilmiş oldu, digər tərəfdən isə Qarabağda qondarma rejimin varlığına son qoyuldu. Üçtərəfli Bəyanatın məlum müddəalarını qəsdən yerinə yetirməməklə bu sənədi heç bir hüquqi məsuliyyəti olmayan adi bir bəyanata, kağız parçasına çevirmək istəyən hiyləgər Ermənistan rəhbərliyinin planı budəfə də baş tutmadı. Lokal xarakterli antiterror əməliyyatının uğurla həyata keçirilməsinin nəticəsində Müzəffər Ali Baş Komandanımız Xankəndidə, Xocalıda, Əsgəranda və Xocavəndə də Azərbaycan bayrağını ucaltdı, suverenliyimiz tam bərpa edildi. Prezident İlham Əliyevin Xankəndinin mərkəzi meydanında vurğuladığı kimi bununla da separatçılğın kitabı bağlandı. Bundan sonra Azərbaycanda separatçılığa yer olmayacaq.

Biz 10 noyabr Üçtərəfli Bəyanatının Azərbaycanın siyasi iradəsi və hərbi gücünün sayəsində yerinə yetirilməsinin məntiqi yekunu olaraq Xankəndidə hərbi paradın keçirilməsi ilə bütün dünyaya suverenliyin tam bərpa olunduğu mesajını verdik. Bu il Zəfər bayramının məhz Xankəndidə qeyd olunması bu torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya göstərdi. Və bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazandığını sərgiləmiş oldu. Bəli, Azərbaycan beynəlxalq hüququ siyasi iradə və hərbi güc yoluyla təmin etməyi bacaran ölkədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi

Leave A Reply

Your email address will not be published.

Tərcümə »