Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.
İctimai Rəy Publika.az-a istinadən xəbər verir ki, Paşinyan bununla Zəngəzurdan dəhliz verməyin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaq istəyir.
Erməni hüquq müdafiəçisi Avetik İşxanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100% Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100% dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, – İşxanyan iddia edib.
Erməni ekspert Karen İgidyan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.
Qeyd edək ki, erməni ekspertlər Paşinyanın təqdim etdiyi layihəni tənqid etsə də, burada İrəvanın əsas hədəfi düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq, Ermənistandan keçəcək nəqliyyat yollarına nəzarəti itirməməkdir.