Rusiya prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsində Təl-Əviv rəhbərliyinə tam dəstək verdiyini bəyan edən və Şərqi Aralıq dənizinə böyük təyyarədaşıyan donanma göndərən ABŞ-a hədələyici bəyanatla çıxış edib.
İctimai Rəy xəbər verir ki, Putin bu açıqlamanı Çinə səfəri çərçivəsində verib.
Putin bildirib ki, əllərində olan “Kinjal” hipersəs raketlərinin mənzili Aralıq dənizindəki ABŞ gəmilərini də əhatə edir.
“Rusiya Hərbi Hava və Kosmik Qüvvələrinə Qara dənizdə patrul fəaliyyətlərini artırma təlimatı verdim. “Kinjal” raketləri daşıyan Miq-31 təyyarələri Qara dənizdə patrul xidmətinə başladı. Aralıq dənizində mövqe tutan Amerika təyyarə gəmiləri Rusiyanın “Kinjal” hipersəs raketlərinin əhatə dairəsindədir. Mən bunu təhdid kimi deyil, məlumat kimi deyirəm. Sadəcə bir xatırlatmadır” – Rusiya lideri deyib.
Qeyd edək ki, Rusiyanın istehsal etdiyi nüvə qabiliyyətinə malik hipersəsli “Kinjal” aero-ballistik hava-yer tipli raket 2 min kilometrdən çox mənzili ilə tanınır. “Kinjal” raketi Rusiyanın Cənub Hərbi Dairəsi və Qərb Hərbi Dairəsindəki hava bazalarında yerləşdirilib.