Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ili tamam olur. 2003-cü il 15 oktyabr tarixində keçirilən həmin seçkilərin nəticəsində İlham Əliyevin triumfal siyasi qələbə qazanması ilə Azərbaycanın gələcək böyük Qələbələrinin təməli qoyuldu. Bu mənada, 2003-cü ilin 15 oktyabrını həqiqətən də tam əminliklə ən yeni tariximizin və yaxud, Qələbələr tariximizin başlanğıcı, start nöqtəsi hesab etmək olar.
İçində yaşadığımız və yaxud da şahidlik etdiyimiz ötən 20 ili heç bir mübaliğəsiz 200 ilə bərabər tarixi mərhələ hesab etmək olar. Əibəttə, 20 il ulu tarix fonunda olduqca kiçik və qısa bir zaman kəsiyidir. Lakin İlham Əliyev öz fenomenal liderlik xüsusiyyətləri və sərkərdəlik bacarıqları ilə bu kiçik zaman kəsiyinə əsrlərə bərabər hadisələri, uğurları, ilkləri sığdıra bildi. Biz vaxtilə məşhur qırğız xalq yazıçısı Çingiz Aytmatovun sonradan adı müxtəlif dillərdə aforizmə çevrilən “Gün var əsrə bərabər” romanının adını ilk dəfə eşidəndə, belə bir ad seçimini məhz yazıçı fantaziyasının genişliyinin təzahürü kimi qəbul etmişdik. Ancaq bütün yanaşmaların, konsepsiyaların, baxış bucaqlarının və bütövlükdə dünya nizamının kökündən dəyişdiyi 21-ci əsrdə baş verən proseslər isə bizim zaman anlayışımızı da dəyişdi.
Xüsusən də İlham Əliyevin son 20 ildə ardıcıl olaraq imza atdığı silsilə uğurlar bizi gerçəkdən də əsrə bərabər günlərin, əsrə bərabər illərin mümkünlüyü həqiqətinə inandırdı. 20 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız Azərbaycana son 200 illik tariximizdə misli-bərabəri olmayan uğurlar qazandırdı. Və yaxud, başqa sözlə desək, İlham Əliyev 20 ildə qazandığı uğurları, qələbələri ilə son 200 ildə yaşadığımız acıları, faciələri, yaraları sağaltmağı bacardı. Bu mənada, İlham Əliyevin hakimiyyət dönəmi həqiqətən də tariximizin misilsiz bir parçasıdır. Onun 20 illik hakimiyyətini tariximizin dönüş nöqtəsi də adlandıra bilərik.
Prezident İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun ötən 20 il ərzində milli birliyimizi, həmrəyliyimizi təmin etməsidir. Bəli, Ulu Öndərimiz Heydər Əliyevin varisi milli-ideoloji xəttimiz olan Azərbaycançılıq ideologiyasını nəzəriyyədən gerçəkliyə çevirməyi, həlledici məqamlarda cəmiyyətimizi bir yumruq kimi birləşdirməyi bacardı. Etiraf etməliyik ki, son 200 ildə bizim ən çox əziyyət çəkdiyimiz məsələlərdən biri də məhz milli birliyimizin çox zəif olması idi. Lakin 44 günlük Vətən müharibəsi dönəmində və 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının və siyasi qüvvələrin vahid məqsəd uğrunda daha sıx birliyini təmin etməklə yeri gələndə tam milli həmrəylik nümayiş etdirmək bacarığımızı da ortaya qoydu. Bu baxımdan, “Dəmir Yumruğ”un bizim çağdaş milli həmrəylik simvolumuza çevrilməsi heç də təsadüfi deyil.
Biz əminik ki, Cənab Prezident öz müstəsna liderlik keyfiyyətləri ilə milli birliyimizi bundan sonra da daha da möhkəmləndirəcək, “Gücümüz birliyimizdədir” anlayışı ilə qarşıya qoyulan böyük hədəflərimizə doğru inamla irəliləyəcək və Azərbaycanın daha böyük nailiyyətlərə imza atmasına nail olacaq. Biz bu şərəfli yolda dövlət başçımıza yeni-yeni uğurlar diləyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsin sədri