Erməni faşizminin təcəssümü olan xəstə “Miatsum” hərəkatına artıq son qoyuldu

0

Gözlənilən tarixi anlara bu gün hamımız birlikdə şahidlik etdik. Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni surətdə qalmaqda davam edən Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçı-terrorçu dəstələr Bakının irəli sürdüyü şərtləri qəbul edərək ağ bayraq qaldırdılar, silahı yerə qoyub təslim oldular. Erməni faşizminin təcəssümü olan xəstə “Miatsum” hərəkatına artıq son qoyuldu. Beynəlxalq güclərin ermənilərin əli ilə Qarabağ üzərindən oynamağa çalışdıqları məkrli geosiyasi oyunların hamısı Ordumuzun uğurlu antiterror əməliyyatı nəticəsində pozuldu və tarixin küllüyünə gömüldü. Ermənistanın və onun havadarlarının 30 ildir bizim ərazilərimizdə yaratdıqları “boz zona” öz mövcudiyyətini dayandırdı və beləliklə separatçı rejim, terrorçu xunta da iflasa uğradı, bitirildı.

Bəli, müzəffər Azərbaycan Ordusu bu tarixi vəzifənin öhdəsindən cəmi 24 saat ərzində misli görünməmiş döyüş peşəkarlığı ilə gəldi, 30 illik separatizm mərəzinin əsas qaynağı 24 saata neytrallaşdırıldı. Qələbəmiz bir günə təmin olundu. 44 günlük müharibədə böyük Zəfərə imza atmaqla 30 illik işğala son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman Azərbaycan Ordusu budəfə 30 illik separatçılıq problemini 1 günlük ildırım sürətli lokal antiterror əməliyyatı ilə müvəffəqiyyətlə çözdü, ortadan qaldırdı.
Qəhrəman əsgərlərimiz bütün dünyaya terrorla və separatçılıqla effektiv mübarizənin yeni nümunələrini nümayiş etdirdi. Şəhid olan hərbçilərimiz, polislərimiz, mülkilərimiz öz qanları, canlarıyla bizi Xankəndiyə daha da yaxınlaşdırdılar. Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda ediblər. Və bu gün onların öz adlarını tarixə qızıl hərflərlə yazdırdığı olduqca şərəfli bir gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

Dövlət başçımız həmçinin bu əməliyyat zamanı hərbçilərimizin nümayiş etdirdikləri yüksək peşəkarlıq və üstün mənəvi keyfiyyətləri də xalqa müraciətində xüsusi olaraq qeyd etdi. O, bildirdi ki, bir günlük lokal antiterror əməliyyatında iştirak edən hər bir Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərib. Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılıb, tarixi hədəfə nail olunub. Erməni separatçılarının bu qədər sürətli və çevik bir əməliyyat sayəsində dizə gətirilməsi dünya hərb tarixi üçün də, separatçılıq problem ilə üzləşən digər ölkələr üçün də həqiqətən də misilsiz bir örnəkdir.

Vaxtı ilə lazım olsa tanklarla Yevlaxa qədər gələ biləcəklərini deyən, “yeni müharibə və yeni ərazilər” devizi ilə bizi hədələyən, hətta Bakıya qədər gəlməyin xəyallarını quran ermənilər sabah Yevlaxa peşman şəkildə, ağ bayraqla gələcəklər. Və budur, Cənab Prezidentimiz xalqa müraciəti zamanı müjdə verdi, Qarabağdan separatçıların silahlarını təhvil verib çıxmağa başladıqlarını bildirdi. Onlar heç vaxt unutmamalıdırlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Bundan sonra heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!
Bundan sonra Qarabağın mülki sakinlərinin reinteqrasiya prosesi başlanacaq və bu da məhz Azərbaycanın diqtəsi altında baş tutacaq. İnşAllah ən qısa zamanda bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda və Xocavənddə dalğalanacaq. Qarabağın hər bir məntəqəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olunacaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə, o cümlədən Qarabağda dövlət suverenliyimiz tam şəkildə təmin olunacaq. “Bəs Xankəndi, Xocalı, Əsgəran, Xocavənd niyə bizdə deyil” deyənlər, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizə kölgə salan bədxahlar indi əmin ola bilərlər ki, artıq bu şəhər və rayonlarımızda da çox tezliklə bizim yurisdiksiyamız bərqərar olacaq, orada dövlət qurumlarımız fəaliyyət göstərməyə başlayacaq.

Erməni azğınlığı artıq bitdi. Separatçıların Azərbaycana meydan oxumalarına həmişəlik son qoyuldu. Ali Baş Komandanımız bu gün xalqa müraciətində bir daha bizə xor baxanlara xəbərdarlıq edərək bildirdi ki, heç kim unutmasın ki, Qarabağ Azərbaycandır! Ona görə də son antiterror əməliyyatına qarşı əsassız tənqid fikirlər səsləndirən, bu əməliyyatın strateji əhəmiyyətini, tarixi nəticələrini kiçiltməyə çalışan hər kəs ictimaiyyətin qınağına tuş gəlməlidir. Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyasının siyasi partiyaların Azərbaycan dövləti, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərilə bağlı yaydığı bəyanatlara qoşulmaması da qınanılmalıdır. Ölkəmizin suverenliyi, vətəndaşlarımızın təhlükəsizliyi və əmin-amanlığı üçün terrorizm və separatizmlə mübarizə aparan dövlətimizin bu yöndə atdığı addımları dəstəkləməmək həqiqətən də olduqca qərəzli və məkrli davranışdır. Belə həssas məqamlarda əslində hər kəs ümumi Qələbəmiz üçün əlindən gələni etməlidir və hər kəs dövlətimizin əsgərinə çevrilməlidir. Görünür, sözügedən partiyaların sədrlərinə hətta bu cür bariz həqiqəti də izah etmək, başa salmaq lazımdır.
Yeri gəlmişkən, son antiterror əməliyyatından sonra artıq Ermənistanın hərbi-siyasi rəhbərliyi də öz həddini bildi, kimin kim olduğunu, kimin nəyə qadir olduğunu başa düşdü. Prezident İlham Əliyev məhz bu məqamı nəzərdə tutaraq Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini, Azərbaycanın və Ermənistanın bundan sonra öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğuladı.

Beləliklə, biz lokal antiterror əməliyyatının tamamilə yeni vəziyyət yaratdığını görürük. Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markovun qeyd etdiyi kimi Azərbaycanın antiterror tədbirləri vəziyyətin nizamlanmasına və sabitləşməsinə gətirib çıxarıb. Bu tamamilə doğru müşahidədir. Bəli, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi. Bütün bunların nəticəsi isə ona gətirib çlıxaracaq ki, Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyi bərqərar olacaq və Azərbaycanın konstitusiya quruluşu bərpa ediləcək. Əsas məqsədimiz, təməl hədəfimiz də məhz bu idi. Lokal antiterror əməliyyatını başlatmağımızla biz bu hədəflərimizə nail olduq. Azərbaycan artıq bölgədə əsas söz sahibi və güc mərkəzi olduğunu bir daha hər kəsə nümayiş etdirmiş oldu. və daha əsaslı şəkildə təsdiqlənmiş olur.
Biz bu tarixi qələbə münasibəti ilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini ürəkdən təbrik edirik. Eyni zamanda əziz xalqımızı təbrik edirik. Azərbaycan xalqı həmişə olduğu kimi yenə də böyüklüyünü, müdrikliyini, həmrəyliyini, birlikdəliyini göstərildi. Biz budəfə də bir yumruq kimi birləşməyi bacardıq. Qoy, Qələbələrimiz bol olsun, birliyimiz əbədi olsun! Düşməni layiqincə cəzalandıran Azərbaycan var olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »