Laçın yolunda sərhəd keçid məntəqəsinin qurulmasından, Ağdam Xankəndi yolunun açılmasından və keçirdiyimiz lokal antiterror əməliyyatlarından sonra Qarabağın erməni toplumu yaşayan ərazilərində Azərbaycanın suveren hüquqlarının bərpası məqsədilə bir sıra mühüm məsələlərin həllinə gecikmədən start verilməlidi.
1. Qarabağda erməni toplumunun yaşadığı ərazilərdə bu gün qanunsuz olaraq Ermənistan dramından istifadə olunur. Hətta qondarma rejim özünün xüsusi pul vahidini – öz dramını da dövriyyəyə buraxıb. Azərbaycan Konstitusiyasına əsasən ölkəmizin ərazisində yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.
2. Bu ərazilərdə mövcud bank-hesablaşma sisteminin fəaliyyəti tam dayandırmalı, əvəzində Azərbaycanın bank-hesablaşma sisteminin fəaliyyəti təmin edilməlidir.
3. Qarabağ iqtisadi rayonunun büdcəsi çərçivəsində ermənilər yaşayan ərazilərdə yığılan vergilər regionun büdcəsinə daxil edilməli, sosial obyektlərin və digər büdcə təşkilatlarının maliyyələşdirilməsi isə regionun büdcəsində nəzərdə tutulmalıdır. Bu məqsədlə tələb olunan vəsaitin çatışmayan hissəsi Azərbaycan Dövlət büdcəsindən regional büdcəyə ödənilməlidir.
4. Bu addımları maneəsiz atmaq üçün ilk növbədə Azərbaycanın ermənilər kompakt yaşayan ərazilərinə Ermənistandan internet ötürülməsi dayandırılmalı və həmin ərazilərin internet təchizatı Azərbaycan üzərindən həyata keçirilməlidi.
5. Qarabağ torpaqlarımızda yaşamaq seçimi edəcək hər bir erməni, onun Azərbaycan vətəndaşı olduğunu təsdiq edən kimlik almalıdır. Bunun üçün onlara cari ilin sonuna qədər vaxt verilməli və xəbərdarlıq edilməlidi ki, 2024-cü ilin yanvar ayının 1-nə qədər Azərbaycan vətəndaşlığı almayan ermənilər oradan deportasiya ediləcəklər.
6. Ermənilər yaşayan bütün Qarabağ ərazilərimizin qaz, elektrik enerjisi və digər zəruri xidmətlərlə təchizatında Ermənistanın iştirakına son verilməli, ermənistandan qaz və elektrik enerjisi nəqli dayandırılmalı və bu xidmətlərlə həmin əraziləri Azərbaycanın müvafiq qrumları təmin etməlidirlər.
Bu addımları atmaqla biz Qarabağ torpaqlarımızda yaşamaq seçimi edəcək erməni əhalisinin reinteqrasiya prossesini sürətləndirmiş oalarıq.
Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor