Separatçılarla hər hansı bir dialoqdan söhbət belə gedə bilməz

0

Rəsmi Bakının terrorçu dövlət olan Ermənistana görə və Xankəndidəki separatçılara görə minnətçi düşən və yaxud, antiterror əməliyyatlarını dayandırmağa çağıran beynəlxalq aktorlara qətiyyətli şəkildə “YOX!” cavabını verməsi tamamilə doğru mövqedir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel kimi ədalətsiz siyasətçilərin “Antiterror əməliyyatını dayandırın” çağışına yalnız və yalnız rədd cavabı verilməlidir.

Çünki Cozef Borrelin açıqlaması son dərəcə qərəzli və qeyri-obyektivdir. Onun qanunsuz Ermənistanın silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan ərazilərindən təcili çıxarılmasını tələb etmək, bütün Avropanı erməni separatçılğına qarşı vahid mövqedən çıxış etməyə çağırmaq əvəzinə, Azərbaycanı hədəf seçməsi bizdə Avropa İttifaqının obyektivliyinə olan inamı tamamilə sarsıdır.

Biz həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də mövqeyini obyektivlikdən uzaq olan bir mövqe kimi dəyərləndiririk. Dünən ermənilərin mina terroru nəticəsində Azərbaycanın mülki vətəndaşlarının və polislərinin həlak olmasına heç bir münasibət bildirməyən, başsağlığı verməyən Ş.Mişelin rəsmi Bakını Qarabağda yaşayan ermənilərlə dialoqa başlamağa çağırması həqiqətən də absurddur.
Eləcə də ABŞ Dövlət katibi Antoni Blinkenin də yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etməsi və atəşkəsin əldə olunmasına çağırmasının da heç bir əsası yoxdur. Ümumiyyətlə, heç kimin – nə bu və ya digər dövlətin rəhbər şəxslərinin, nədəki ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycana təzyiq göstərməyə, antiterror əməliyyatını dayandırmağa çağırmağa haqqı yoxdur.

Əvvəla, Azərbaycanı, onun liderini heç bir təzyiq öz haqlı mövqeyindən çəkindirə bilməz. Görünür onlar Prezident İlham Əliyevi yaxşı tanımırlar. Dövlət başçımız dəfələrlə bəyan edib ki, suverenliyimizin bərpası yolunda heç kim bizim qarşımızda dayana bilməz və heç kim bizi öz yolumuzdan döndərə bilməz.
Antoni Blinkenlə telefon danışığı zamanı da Azərbaycan Prezidenti kifayət qədər açıq və net formada bildirdi ki, yalnız silahın yerə qoyulduğu və silahlı dəstələrin tam tərksilah olunduğu halda antiterror tədbirləri dayandırılacaq. Və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoq da yalnız bundan sonra mümkündür. Özü də söhbət yalnız mülki erməni sakinlərin nümayəndələri ilə dialoqdan gedə bilər. Separatçılarla, xunta ilə isə hər hansı bir dialoqdan söhbət belə gedə bilməz.
Azərbaycan tərəfinin bu şərtləri tamamilə legitimdir. Və Azərbaycanı antiterror tədbirlərini dayandırmağa çağıran qüvvələr də ilk növbədə məhz bu qanuni tələblərimizin yerinə yetirilməsini təmin etməlidirlər. Çünki Qarabağda qanunsuz silahlıların mövcudluğu və Ermənistanın separatçılara hər cür dəstək verməsi hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Ona görə də ilk növbədə Ermənistanın bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Və həmçinin İrəvan separatçı rejimin maliyyələşdirilməsini dayandırmalıdır.

Biz bu antiterror əməliyyatına ona görə lokal tədbirlər deyirik ki, qarşı tərəfin legitim hərbi hədəfləri qısa müddətdə neytrallaşdırılsın. Biz bu əməliyyatların uzadılmasında əsla maraqlı deyilik. Əksinə, Azərbaycan Ermənistanla münasibətlərin tezliklə normallaşmasının tərəfdarıdır. Lakin rəsmi İrəvan da 10 noyabr razılaşmasından irəli gələn öhdəliklərini yubatmadan yerinə yetirməlidir. Bu halda Cozef Borrel kimi, Şarl Mişel və Antoni Blinken kimi siyasətçilərin, diplomatların zənglərinə, çağırışlarına, xahiş-minnətlərinə də heç bir ehtiyac qalmaz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »