Bakı ABŞ-la bağlı mövqeyini sərtləşdirir

0

ABŞ həm erməni mövqeyinin ifadəçisi, həm də obyektiv vasitəçi roluna iddia edir; Amerika Azərbaycan siyasətinə “çəki-düzən” verməsə? münasibətlərində ciddi problem yaranacaq

ABŞ-ın Qarabağla bağlı son mövqelərinə, xüsusilə Xankəndidəki qondarma seçkiyə ağızucu reaksiyası, Senatda Qarabağdakı vəziyyəti erməniyanlıların müzakirəyə çıxarması, dövlət katibinin köməkçisi səviyyəsində “Qarabağ xalqı” ifadəsinin işlədilməsi Bakının ciddi və haqlı narazılığına səbəb olub.

ABŞ bu mövqelərə izah vermək əvəzinə, yeni bəhanələr axtarışdadır. Amma bu bəhanələr Vaşinqtonun heç bir arqumentini düz-əməlli göstərmir. Hətta Rusiya rəsmiləri belə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməyib. ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter isə “AzadlıqRadiosu”na bildirib ki, Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilmirlər. O qeyd edib ki, Vaşinqton rusların tərəfləri müzakirəyə dəvət etdiyini bilir, Ermənistan və Azərbaycanın danışıqlarda iştirak edib-etməməsinə özləri qərar verib. “Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi bir çox formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını elə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin tənzimlənməsinə, ədalətli və davamlı sülhün əldə edilməsinə diqqət yetirir. Ona görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdəyik, Avropa İttifaqının, xüsusilə də Avropa Şurasının prezidenti Şarl Mişelin səylərini dəstəkləyirik”, – deyə Karpenter bildirib.

Ermənistanın aqressiyası faciə ilə nəticələndi - Ceyhun Bayramov

Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə də Bakının mövqeyini bir daha ifadə edib. Nazir ABŞ-ın qondarma rejimin bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddialara, Ermənistanın tirajladığı yalanlara uyaraq onları təkrarlamasının qəbuledilməz olduğu bildirib. Bu xüsusda, Ermənistanın bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ-la 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.

ABŞ bir tərəfdən erməni mövqeyinin ifadəçisi kimi çıxış edir, həm də obyektiv vasitəçi roluna iddia edir. Yada salaq ki, ABŞ Dövlət Departamentinin rəsmisi ötən həftə tərəflərin dialoqu davam etdirmək üçün Vaşinqtona getməyə hazır olduqlarını bəyan edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün artıq Nyu Yorkdadır. Səfər zamanı nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Mümkündür ki, erməni xarici işlər naziri də ABŞ-ın vasitəçiliyi ilə görüş olsun. Amma belə görünür ki, ABŞ-ın haqsız və qərəzli mövqeləri Bakını daha sərt xətt tutmağa vadar edir. Gözlənilir ki, Ceyhun Bayramov ABŞ rəsmilərinin və dövlət qurumlarının qərəzli mövqelərini bir daha keçirdiyi görüşlərdə nəzərə çatdırsın. Vaşinqtonun Rusiya bəhanəsinə gəlincə, bəyənmədikləri ölkənin rəsmiləri, hətta prezident səviyyəsində Qarabağla bağlı Azərbaycanı narazı salacaq mövqe sərgiləmirlər.

ABŞ Azərbaycan siyasətinə “çəki-düzən” verməsə, münasibətlərində ciddi problem yaranacaq. Bu isə Qafqazda guya yeni siyasət sərgiləmək istəyən ABŞ-a fayda gətirməyəcək. Lakin elə sentyabrın 19-da ABŞ yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışladı və bunu irəliyə doğru mühüm addım hesab etdi. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Onun sözlərinə görə, ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir. Bir yandan iki yolun açılmasını alqışlayan, digər tərəfdən isə Bakıya ittihamlar səsləndirən Dövlət Departamentinin bu davranışlarını heç cür izah etmək olmur.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov hesab edir ki, son 1 ildə Bakıda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ümidlər bəsləyərək Demokratlar Partiyasının tarixində ilk dəfə olaraq birisinə – məhz Entoni Blinkenin məsələyə obyektiv yanaşacağını düşünürdü: “Ədalət naminə qeyd edim ki, Vaşinqtonda bu il baş tutan xarici işlər nazirlərinin Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab – hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli olaraq daha rasional yanaşma orta qoyaraq Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atmışdı. Təəssüflər olsun ki, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verdi. Lui Bononun Bakıda bağlı qapılar arxasındakı dedikləri Vaşinqton və Bakı arasında Senatda baş tutan çıxışdakı qərəzli ab-havanı yumşaltmadı, əksinə, daha da möhkəmlətdi. Hazırda Azərbaycanın ABŞ, Avropa İttifaqı və Rusiyadan eşitmək istədiyi ilk prinsip: ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə məhz bu aspektdən yanaşılması tələbidir. Təəssüf ki, son zamanlar Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri unudulur. ABŞ dövlət katibinin köməkçisi Kimin “Dağlıq Qarabağ xalqının hüquqları” terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala “soyqırımda” günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan əvvəl – sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycanla bağlı beynəlxalq hüququ kənara qoyduğunun göstəricisidir”.

Politoloqun fikrincə, Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi: “Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı. Hamıya məlumdur ki, Ermənistanın əsas məqsədi Azərbaycan torpağında “Xilas naminə – azadlıq” şüarını beynəlxalq səviyyədə təbliğ edərək Kosovada olduğu kimi Qarabağın Azərbaycandan ayrılmasına nail olmaqdır. Senatda Laçın yolunun guya bağlandığı və Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə MDB məkanında öz imiclərini sual altına qoymuş oldular. Nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqda düşünməli oldular. Fikir verin, iclas zamanı az qala cib dəsmalı ilə “ac erməni”lərin halına kövrələn siyasətbazlar nədənsə Ağdam yolu ilə bağlı susmağa üstünlük verdilər. Adama deyərlər, əgər humanitar yardım etmək istəyirsən və 30 000 insana görə pərişansansa, o zaman niyə Bakıya ərzaq göndərərək Ağdam vasitəsilə Xankəndinə yardım etmirsən? Əlbəttə, cavab bəllidir. Fransa və ABŞ humanitar fəlakət adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyirlər. Halbuki kim, kim, amma Blinken yaxşı bilir ki, əldə edilmiş razılıqlara əsasən sentyabrın 1-dən Ağdam-Xankəndi yolu açılmalı idi”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu başqa bir məsələyə diqqət yetirərək qeyd edir ki, Nyu-Yorkda BMT Baş Assambleyanın 19-25 sentyabr tarixlərində əsas tədbirləri keçiriləcək: “Bu tədbirlər çərçivəsində Entoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşməsi mümkündür. Vaşinqton anlayır ki, indiki şərtlər altında sülh sazişinin imzalanması çətindir. Ancaq Dövlət Departamentində hesab edirlər ki, heç olmazsa intensiv görüşlər vasitəsilə Azərbaycanla Ermənistan arasında yeni toqquşmanın qarşısını ala bilərlər”. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir: “Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”. (musavat.com)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »