Beynəlxalq ictimaiyyət Xankəndidəki qondarma rejimin separatçı fəaliyyətlərinə son qoyulması üçün Azərbaycana dəstək verməlidir

0

Ermənilərin bu gün Şuşa yolunun Xocavənd istiqamətində törətdiyi mina terroru haqda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatı dərin sarsıntı hissilə qarşıladıq. Ard-arda törədilən və ağır itki ilə nəticələnən bu teraktlar birmənalı surətdə Ermənistanın terrorçu dövlət olduğunu və açıq şəkildə separatizmi dəstəklədiyini göstərir.

Sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində sözügedən Agentliyin əməkdaşı olan 2 nəfər mülki şəxs həlak olub. Qeyd edilən terror hadisəsinin araşdırılması üçün əraziyə yola düşən Daxili İşlər Nazirliyinin əməkdaşları da növbəti erməni vəhşiliyi ilə üzləşərək Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Beləliklə, Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması Ermənistanın və onun Azərbaycan ərazilərində yaratdığı separatçı rejimin təxribat-terror fəaliyyətlərinin davam etdiyini göstərir. Azərbaycan tərəfi son üç ildə Ermənistanın mina terroru ilə bağlı dəfələrlə dünyaya car çəksə də, lakin dünya birliyi bu azğın terrorçu dövləti dayandırmaq istiqamətində heç bir addım atmır. Qarabağdakı separatçıların “blokada”, “humanitar fəlakət” şoularına görə Azərbaycanın üzərinə quzğun sürüsü kimi gələn bəzi ölkələr, ermənipərəst siyasi dairələr, qeyri-obyektiv beynəlxalq təşkilatlar ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatları, teraktları isə görməzdən gəlirlər.

Bu gün Xocavənddə törədilən mina partlayışları Azərbaycan ərazisindən silahlı qüvvələrini hələ də çıxarmayan və minaların yerləşdirilməsini davam etdirən Ermənistanın və onun dəstəklədiyi separatçı rejimin barbarlığının, davakarlığının, revanşizminin nəticəsidir. Ermənistanın 10 noyabr Üçtərəfli bəyanatının şərtlərinə əməl etməkdən imtina etməsi bu cür faciəli nəticələrə gətirib çıxarır. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı mina terrorunun qarşısının alınması, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinə qarşı təzyiqləri artırmalı və Xankəndidəki qondarma rejimin separatçı fəaliyyətlərinə son qoyulması üçün Azərbaycana dəstək verməlidir. Dünya birliyi terrorçuların və separatçıların yanında yox, qarşısında dayanmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »