Azərbaycanın uzun müddət davam edən təmkinli davranışlarından və sülhə çağırışlarından sonra, bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizdə qalmaqda davam edən Ermənistanın hərbi birləşmələrinə və separatçılara qarşı lokal antiterror tədbirlərinə başlandığını elan etməsi gözlənilən idi. Çünki bölgədə vəziyyəti süni surətdə gərginləşdirməkdə davam edən, sülh sazişini imzalamaqdan hər cür bəhanələrlə yayınan, Fransa, Hindistan, ABŞ kimi militarist xarici gücləri bölgədəki proseslərə fəal surətdə qoşmağa çalışan, həm sərhəd məntəqələrində, həm də sülhməramlıların nəzarət zonasında Azərbaycana qarşı təxribatlar törətməyə davam edən Ermənistan və onun himayə etdiyi separatçılar rəsmi Bakıya məhdud miqyaslı antiterror tədbirlərinə başlamaqdan başqa bir yol qoymadı.
Bu gün səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı ard-arda mina terrorunun törədilməsi isə Azərbaycanın səbrini daşıran sonuncu damla oldu. Mülki vətəndaşlarımızın və polislərimizin bu xain teraktlar nəticəsində həlak olması artıq antitterror tədbirlərinin dərhal başlanılmasını labüd etdi.
Bütün dünya bilməlidir ki, bu məcburi tədbirlərin məqsədi Azərbaycanın Qarabağ iqtisadi bölgəsində Ermənistan dövləti və separatçı ermənilər tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
Bölgədə terrorçuluğa qarşı mübarizə aparmaq və separatçılğın kökünü qazımaq Azərbaycanın konstitusion hüququdur. Ölkənin bütün ərazisində suverenliyimizi bərpa etmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək də bizim legitim hüququmuzdur. Ona görə də dünya birliyi Azərbaycan dövlətinin konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirdiyi zəruri tədbirlərə anlayışla yanaşmalıdır.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı mina terrorunun qarşısının alınması, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinə qarşı təzyiqləri artırmalı və Xankəndidəki qondarma rejimin separatçı fəaliyyətlərinə son qoyulması üçün Azərbaycana dəstək verməlidir. Terrora və separatçılğa qarşı mübarizədə hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirməlidir.
Biz Azərbaycan Həmrəylik Komitəsi olaraq Ermənistanın çirkin revanşist niyyətlərininin və davamlı təxribatlarının qarşısının alınması, Qarabağda separatçılıq hallarına son qoyulması, ərazidə suverenliyimizin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyimizi ifadə edirik.
Eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, işğaldan azad edilən ərazilərimizə qayıdan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyirik. Biz Ordumuzun və Ali Baş Komandanımızın yanındayıq! Tanrı Azərbaycanımızı qorusun!
Azərbaycan Həmrəylik Komitəsinin İdarə Heyəti