“Miqrant problemi Nyu-Yorku məhv edəcək” – Şəhər meri

0

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərinin hakimiyyət orqanları genişmiqyaslı miqrasiya böhranının öhdəsindən gələ bilmir.

İctimai Rəy xəbər verir ki, bu barədə NBC amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi bu yaxınlarda 100 min miqrantı qəbul edən şəhərdəki vəziyyəti qiymətləndirmək üçün “komanda” göndərib. Yekun qiymətləndirmə dərc edilməyib, lakin rəsmi şəxslərin sözlərinə görə, şəhər hakimiyyətinin miqrasiya problemini həll etmək üçün strategiyası yoxdur.

Nyu-York meri Erik Adams razılaşır ki, şəhər “küçələrdə və ya sığınacaqlarda yatan” minlərlə miqrantla məşğul olmaqda çətinlik çəkir. “Mən bunun sonunu görmürəm. Bu problem Nyu-Yorku məhv edəcək”, – mer deyib.

Keçən ilin oktyabr ayında Nyu-York meri şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmişdi.

Adams deyib ki, şəhərin evsizlər üçün sığınacaqları 100% dolub. Eyni zamanda o bildirib ki, cənub əyalətlərindən metropolisə hər gün 5-6 qeyri-qanuni miqrant avtobusu heç bir razılaşdırılmadan və xəbərdarlıq edilmədən gəlir.

2022-ci ildə Texas, Arizona və Florida ştatlarının səlahiyyətliləri Meksika ilə sərhədi qanunsuz keçdikdən sonra ABŞ-a daxil olan əcnəbiləri kütləvi şəkildə Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə avtobuslarla göndərməyə başlayıblar. Beləliklə, onlar ABŞ prezidenti Co Baydenin hədsiz yumşaq miqrasiya siyasətinə etiraz edirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »