Fransanın simasızlığı – Vüqar Rəhimzadə

0

Azərbaycan tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması  üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimiz bu istiqamətdə səylərini günbəgün artırsa da işğalçı Ermənistan havadarlarının maraqlarının ifadəçisi kimi yenə də müxtəlif vasitələrlə, əsassız təbliğatı ilə prosesin uzanmasında maraqlı olduğunu nümayiş etdirir. İstər işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi,  istərsə də postmünaqişə dövründə  Fransanın Azərbaycana qarşı  qərəzli mövqeyi daim diqqətdə olmaqla yanaşı, onun bu davranışları müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hələ də anlamaq olmur ki, Fransa nə üçün  vəziyyətin gərginləşməsində maraqlıdır? Fransa atdığı addımların ona qarşı bir inamsızlıq mühitinin yaranmasında nə kimi rol oynadığını düşünürmü? Hər zaman qeyd edildiyi kimi,  Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir.

Dövlət başçısı İlham Əliyevin Şuşa Qlobal  Media Forumunda  İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyi ilə bağlı ünvanlanan suala cavabında səsləndirdiyi “Artıq bu, tarixdə qalıb. Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır” söyləməklə Azərbaycanın xarici siyasətinin əsas prinsipini açıqladı. Bir daha bəyan etdi ki, heç bir dövlətin daxili işinə qarışmırıq və öz daxili işimizə müdaxiləni  yolverilməz hesab edirik.  Dövlət başçısı bu məqamı da xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqelərini gizlədə bilməmişdilər, yaxud da bunu istəməmişdilər. Bu,  o ölkələrlə münasibətlərin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun. Düşünürük ki, Prezident İlham Əliyevin bu çağırışı kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə çalışan, amma özünə və himayədarlıq etdiyi ölkələrə gəldikdə  bu prinsipləri arxa plana keçirməkdən narahatlıq  hissi belə keçirməyən Fransa kimi  dövlətlərə ciddi mesajdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə saxta erməni təbliğatının hədəfindən bəhs edərək bildirib ki, Azərbaycan-Ermənistan sərhədində  Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən işğalçı dövlət və onu himayə edən  qüvvələr ölkəmizi guya sərhəddə  vəziyyəti gərinləşdirməkdə,  Qarabağ bölgəsində  humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə  Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı,  uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar  siyasətinə fərqli don geyindirməyə çalışır. Reallıq budur ki,  Laçın sərhəd-buraxılış məntəqəsinin  yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı  birləşmələrinin çıxarılması,  həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.  Ermənistan həqiqətən  də bölgənin  sadə  sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu məsələdə Fransanın erməni təbliğatına dəstəyi diqqətdən kənarda qalmır. Görünən budur ki, Fransa Azərbaycanın tarixi Zəfərini, yaratdığı yeni reallıqları  həzm edə bilmir. Fransa rəsmilərinin guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirlərinin davamlılığı da bu ölkənin  məqsəd və məramına aydınlıq gətirir.

Prezident İlham Əliyev bu günlərdə “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında da bu çağırışı etdi ki,  heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu  müharibə dövründə göstərmişik. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərdik.  Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat  iradəmizə təsir edə,  bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət,  beynəlxalq hüquq bizim tərəfimizdədir. Heç kimdən qorxmuruq və bunu həm döyüş meydanında, həm siyasi müstəvidə göstərmişik.  Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan və bölgə üçün yaxşı olacaq.

YAP Xətai rayon təşkilatının sədri diqqəti avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi sərsəm fikirlərə və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına yönəldib. Qeyd edib ki, Xarici İşlər Nazirliyi mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl  kimi dəyərləndirir. Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək sərsəm fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa Prezidentinin indi Azərbaycanın BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən  Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyətlə bağlı iddiaları çıxışında xüsusi vurğulaması anlaşılan deyil. Makronun leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »