Bu gün Azərbaycan-Özbəkistan əlaqələri öz tarixinin ən uğurlu dövrünü yaşayır. Bu iki ölkə arasında hər baxımdan əlaqələr sürətlə inkişaf etməkdədir.
Bunu Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan-Özbəkistan münasibətlərini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Özbəkistan arasında əlaqələr davamlı olaraq müxtəlif görüşlər və müzakirələr əsasında möhkəmlənir:
“Bu gün biz deyə bilərik ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təbii ki, bu çox önəmlidir.
Davamlı olaraq Özbəkistanla əlaqələrin inkişafı üçün dövlət tərəfindən atılan addımların şahidi oluruq. Bu gün hər iki ölkə həm Türk Dövlətləri Təşkilatları çərçivəsində, həm də müstəqil formada çox sıx əməkdaşlıq edir. Bununla yanaşı, bu münasibətlərin daha da güclənməsi üçün müxtəlif tədbirlər görülür.
Hazırda enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir, bundan başqa, nəqliyyat-logistika sahəsində əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik”.
C.Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana yenicə başa çatan səfərinə toxunaraq deyib:
“Səfər səmərəli görüşlərlə yadda qaldı .Beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları haqqında müzakirələr oldu.
Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Hesab edirəm ki, Özbəkistanın Füzulidə məktəb açması da Azərbaycana olan sevgi, diqqət və qayğının təzahürüdür”.
Deputatın sözlərinə görə, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.