Baş nazir Nikol Paşinyan “Ermənistanın müstəqilliyinin 33-cü ildönümü” münasibətilə müraciət edib.
Ermənistan baş naziri müraciətində “müstəqillik bəyannaməsi”ndəki bir sıra məqamlara toxunub.
Paşinyan “bəyannamə”nin Ermənistanın müstəqilliyinin buxovladığını bildirib.
“2020-ci il müharibəsindən əvvəl, xüsusən də müharibədən sonra bəyannamənin mətnini dəfələrlə və təkrar-təkrar oxudum. Etiraf edim ki, mənim müharibədən sonrakı mütaliələrim müharibədən əvvəlki mütaliələrimdən bir qədər fərqlənirdi. Bəyannamənin mətninin ekspertiza təhlili göstərir ki, biz nəhayət elə bir müraciət və məzmun seçmişik ki, bu da bizi Sovet İttifaqının tərkibinə daxil edən qətnaməyə əsaslanır, söhbət bizi daim qonşularımızla və regional ətrafla münaqişədə saxlayan məsələdən gedir”, – baş nazir bildirib.
Paşinyan “müstəqillik bəyannaməsi”ni “Ermənistanın müstəqilliyini itirməyə aparan qətnamə” adlandırıb. O qeyd edib ki, Ermənistan bununla SSRİ-dən çıxdığını elan etsə də, bu “bəyannamə” ölkəsinə istədiyi müstəqilliyi gətirməyib.
“İndi digər yolların necə olacağını, nəyə aparacağını bilmirik, amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur.
2018-ci ildə Ermənistan baş naziri vəzifəsinə gəlməzdən əvvəl və ondan sonra mən Ermənistanın müstəqillik bəyannaməsinə “İncil ayəsi” kimi yanaşırdım, halbuki bəyannamə nə qədər fundamental sənəd olsa da, dərin araşdırmaya ehtiyac duyur, çünki bu, ondan sonrakı bütün nəticələri olan siyasi sənəddir.
İstiqlal bəyannaməsinin 33-cü ildönümündə qeyd etmək istəyirəm ki, bizim hökumətin qəbul etdiyi sülh gündəliyi müstəqillik gündəliyidir, çünki biz sülh içində olsaq, müstəqillik əldə edəcəyik. Nə qədər ki bizdə əmin-amanlıq yoxdur, SSRİ-nin ruhu bizim səmamızda uçacaq”, – Paşinyan vurğulayıb.
Ermənistan baş nazirinin açıqlaması ölkəsində bəzi siyasi çevrələr tərəfindən etiraz qarşılanıb.