Güney təşkilatları Urmu üçün niyə birləşmir?

0

Təşkilatların bir neçəsinə birlikdə çağırış etmək üçün müraciət etsək də, heç biri zaman və yer təyin etməyə hazır deyildi. Sadəcə, Urmu gölünün quruması ilə bağlı etiraz çağırışları səsləndirməklə yetinirdilər. Bu da bizi qane etmirdi.

Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Urmu gölünün qurumasına etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya haqqında danışarkən deyib.

O, İstiqlal Partiyasının təşkil etdiyi aksiyanın digər Azərbaycan təşkilatları ilə eyni günə təyin edilməməsi məsələsinə aydınlıq gətirib:

“Millət hara gedəcəyini bilməlidir. Təşkilatımız etiraz aksiyasının keçiriləcəyi yeri və tarixi müəyyən etdi. Bizdən altı gün sonra digər təşkilatlar da çağırış etdilər. Onlara əvvəlcədən xəbərdar etmişdik ki, gec-tez çağırış edəcəklər. Çünki ictimai rəy bunu tələb edir. Xalq küçələrdədir, etiraz edir. Bu etiraz təkcə sosial şəbəkələrdə paylaşım etmək, yaxud pankartlar asmaqla kifayətlənmir. Gərək, meydanlara çıxaq. Təklif edirlər ki, Avropada keçirək. Orda da olsun, amma bu məsələ küçələrdə, xalqın gücü ilə həll olunacaq. Odur ki, digər təşkilatların çağırışını dəstəkləyirik. Biz onlara da qoşulacağıq. Avqustun 24-də və 27-də meydanlarda olacağıq. Bu, bir günlə həll oluna bilən məsələ deyil”.

Urmu gölünün xilasına nail olana kimi hər gün aksiya keçirilməli olduğunu deyən partiya sədri bildirib ki, bəzi qüvvələr onların işinə mane olur:

“Rejimə təzyiq etməliyik. Bu, bir savaşdır. Digər təşkilatlar yaxşı olardı, bizdən bir ay sonraya təyin edəydilər. Ya da bizim təyin etdiyimiz tarixə qoşulub, birgə etiraz aksiyası keçirəydik. Lakin onlar birlik istəmir, irançı cərəyanlardır. Məqsədləri İran daxilində müəyyən hüquqlar əldə etməkdir. Lakin Urmu gölü ilə bağlı etiraz aksiyası keçirmək istəkləri xeyirli əməldir. Azərbaycan ruhlu təşkilat olmasalar da, biz Urmu gölünə görə onları dəstəkləyirik”.

Qeyd edək ki, Urmu gölünün qurudulmasına etiraz olaraq bir sıra Azərbaycan təşkilatları avqustun 27-də, İstiqlal Partiyası isə avqustun 24-də Güney Azərbaycanın əksər şəhərlərində etiraz aksiyası keçirəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »