Regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılı olacaq

0

 

Ermənistanın BMT Təhlükəsizlik Şurasının dünən keçirilən toplantısında şantaj kampaniyası fiaskoya uğradı. Müşahidələr göstərir ki, ermənilərin çox konfiqurasiyalı gedişləri, saxta təbliğatları və nəhayət təxribatları bununla bitməyəcək. Fransanın papağını yerə soxan Makrondan, dünyadakı erməni lobbilərindən, Rusiyanın bəzi dairələrindən dəstək alan ermənilər sabah başqa məzmunda və formada təxribatlar törədəcəyi şübhəsizdir.
Ona görə, biz cavab tədbirləri, bəyanatlar əvəzinə diplomatik və yeri gələndə hərbi müstəvidə hücumda olmalıyıq.

Bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, bəzi şəxslər düşünür ki, Qarabağda gedən proseslər haqqında dünya yetərincə məlumatlıdır. Bu doğru yanaşma deyil. Xarici dövlətlərin rəsmi dairələrinin məlumatlı olması təbii haldır. Geniş ictimaiyyətin isə bilgilərinin yetərli olması inandırıcı deyil. Ona görə, Cənubi Qafqazda, o cümlədən Qarabağda gedən proseslərlə bağlı yerli və xarici media vasitəsilə geniş, dəqiq izahatların aparılması son dərəcə zəruridir. Bəzən məlumatsızlıqdan Qarabağda gedən proseslərlə bağlı dünyada yanlış rəy formalaşır.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya “humanitar böhran”la bağlı müzakirələrdə çox məntiqli çıxışı bir çox mətləblərə aydınlıq gətirdi. Deməli, Azərbaycan tərəfi öz ədalətli mövqeyini ortaya qoyaraq dünyanın çox nüfuzlu media quruluşları vasitəsilə sözün yaxşı mənasında izahatlarını davam etdirməlidir.

Digər bir zəruri məqamla bağlı fikrimi bildirmək istərdim. Qarabağda kök salmış erməni silahlılarının Azərbaycan ərazisini tərk etməsi üçün Rusiya sülhməramlılarına, oradakı separatçılara, Ermənistan hakimiyyətinə vaxt verilməlidir. Vaxt bitən kimi Azərbaycan Ordusu hərəkətə keçməlidir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalıdır.

Rusiya Sülhməramlılarına, Qarabağda yaşayan sadə ermənilərə izah olunmalıdır ki, əlində silah olan ermənin yanında dayanmamalısan. Əks təqdirdə terrorçunu zərərsizləşdirən Azərbaycan əsgərinin gülləsinə hədəf ola bilərsən. Televiziya, media vasitəsilə Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən Xankəndindəki sadə erməni ailələrinə müraciətlərin sayı artmaldır.
İnandırmaq lazımdır ki, erməni silahlıları yalnız region üçün deyil, həmçinin Azərbaycan vətəndaşları olan ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılı olacaq.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »