Ermənistanın simulyasiya siyasətini tibbi diaqnoz hesab etmək olarmı…

0

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın çıxışı bir daha təsdiq etdi ki, rəsmi İrəvan buna qədər vermiş olduğu bəyanatlarında, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması ilə bağlı bəyanatında səmimi deyil. A.Mirzoyan 1988-ci ildə olduğu kimi, “Laçın dəhlizini” yenidən “həyat yolu” adlandırmaqla, əslində, nümayiş etdirdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Ötən əsrin 80-ci illərinin sonlarında münaqişənin başlanma səbəbi ermənilərin elə bu cür sərsəm xülyaları, “miatsum” adlandırdıqları cəfəng arzuları ilə bağlı idi. Erməni nazirin BMT kimi mötəbər beynəlxalq təşkilatın tribunasından suveren ərazilərimizə aid olan Laçın yolunu yenidən ermənilər üçün “həyat yolu” kimi təqdim etməsi göstərdi ki, Ermənistanda ən radikal revanşist zümrə elə bu ölkənin hazırkı hakimiyyətidir, yaxud onun bu məsələdə siyasi sələflərindən ciddi fərqi yoxdur.

Ermənistan baş naziri N.Paşinyanın və digər rəsmilərinin guya sülhə hazır olmaları və ölkəmizin ərazi bütövlüyünü tanımaları ilə bağlı bəyanatları, əslində, gerçək niyyətlərini gizlətmək üçün istifadə etdikləri ənənəvi simulyasiya siyasətlərinin tərkib hissəsidir. Ararat Mirzoyanın ötən əsrin 80-ci illərinin ritorikasına qayıdaraq “həyat yolu” ifadəsindən yenidən istifadə etməsi bir daha sübut edir ki, rəsmi İrəvan uzun onilliklər ərzində “birləşmə” mənasında işlətdiyi sərsəm “miatsum” ideyasından hələ də əl çəkməyib. Bu faktın özü həm də onu təsdiq edir ki, Ermənistan rəhbərliyi artıq manipulyasiya ilə deyil, sözün həqiqi mənasında siyasi simulyasiya ilə məşğul olur. Latın mənşəli “simulyasiya” sözünün mənası isə o deməkdir ki, simulyant nəticəyə nail olmaq üçün fiziki və ya psixoloji simptomlar uydurur, hətta bu cür uydurmaları daha çox şişirtmək yolu ilə həqiqətləri təhrif etməyə, öz yalanlarına daha geniş auditoriyanı inandırmağa çalışır. Ermənistan rəhbərliyinin geninə-boluna istifadə etdiyi simulyasiya siyasətinin əsl məqsədini bilmək üçün, onun niyə məhz bu seçimi etdiyini və ya niyə bu duruma düşdüyünü obyektiv şəkildə dəyərləndirməli, onun yaranma səbəblərini araşdırmalıyıq. Subyektiv mülahizələrə və təhrifə yol verməmək üçün Vikipediyaya müraciət etməyimiz daha doğru olardı. Orada göstərilir ki, simulyasiya tibbi diaqnoz olmasa da, “klinik diqqət mərkəzi” və ya “sağlamlıq xidmətləri ilə əlaqə səbəbi” kimi də başa düşülə bilər. Ararat Mirzoyanın BMT-də keçirilən müzakirələr zamanı göstərdiyi uşaq şəkilləri və guya Qarabağ ermənilərinin “genosidə” məruz qalması ilə bağlı sərsəm iddiası elə bu sindiromun göstəricisidir. Əgər belə olmasaydı, Vaqif Xaçatryana qəhmər çıxan və guya onun azərbaycanlılar tərəfindən “oğurlandığını” iddia edən A.Mirzoyan etiraf edərdi ki, müdafiəsinə qalxdığı bu şəxs 32 il əvvəl Meşəlidə mülki azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərinə və amansız işgəncə faktlarına, illər əvvəl başlanılmış cinayət işinə görə saxlanılıb. Hətta belə bir şəxsi yalnız etnik mənsubiyyətinə görə müdafiə etmək cəhdi, əslində, simulyasiya yolunu seçən və ya simulyativ vəziyyətdə özünü daha rahat hiss edən bir siyasətçinin çoxdan zədələnmiş psixoloji təfəkkür tərzinin göstəricisidir.

Erməni nazirin siyasi şantaj xarakterli çıxışı şəxsən məni təəccübləndirmədi. Onun avqustun 16-da BMT-də etdiyi çıxışı iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüş zamanı sərgilədiyi siyasi şantaj ritorikasının davamı idi. Yeganə fərq onda idi ki, Ararat Mirzoyan bu dəfə yalan və böhtanlarının miqyasını bir az da artırmışdı. Çünki simulyasiya ilə məğul olan istənilən şəxs, xüsusilə siyasətçi tam “gebbelssayağı” elə düşünür ki, onun danışdığı yalan nə qədər böyük, nə qədər çox və onu eşidənlər üçün nə qədər “cəlbedici” olarsa, həqiqəti onların içərisində daha asanlıqla gizlədə bilər. Ararat Mirzoyanın Laçın yolunu Ermənistan və Qarabağ erməniləri üçün “həyat yolu” adlandırması həm də bu baxımdan təsadüfi deyildi. İctimai diqqətdən o da yayınmamalıdır ki, bu ifadə ilk dəfə İkinci Dünya müharibəsi zamanı Leninqradın həqiqi blokadasından həqiqi mənada əziyyət çəkmiş mülki insanlara görə işlədilib. Erməni nazirin həmin termindən istifadə etməklə Leninqradın blokadasını Xankəndidə yaşayan ermənilərin həqiqi vəziyyəti ilə eyniləşdirməsi iyrənc simulyasiyanın, psixoloji natarazlığın əyani sübutudur. İnsanların tarixi yaddaşını qıcıqlandıran bu cür uydurma və saxta bənzətmələrdən sonra real vəziyyətdən bixəbər olan istənilən şəxsdə elə rəy yarana bilər ki, guya Xankəndidəki ermənilər, Leninqradda olduğu kimi ya “gülləbaran” edilir, ya da acından öldürülür. Simulyasiya, xüsusilə siyasi simulyasiya tibbi diaqnoz olmadığına görə, onun güddüyü məqsədlər daha iyrəncdir. Simulyasiyanın mahiyyət və əsas məqsədi də elə budur.

Ermənistanın xarici işlər naziri BMT-dəki müzakirələr zamanı Xankəndidə yaşayan ermənilərin vəziyyətini gah “humanitar fəlakət”, gah “etnik təmizləmə”, sonda isə “soyqırımı”, onun təbirincə desək, “genosid” adlandırdı. Amma nə erməni nazir demədi və nə də ona deyilmədi ki, Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə niyyəti olsaydı, bunu çox asanlıqla 2020-ci ilin noyabrında, erməni hərbçiləri savaş meydanından “dovşan” kimi qaçanda edərdi. Etmədik, çünki bizlərin heç vaxt belə bir məqsədi olmayıb. Türk, ermənilərdən fərqli olaraq, heç vaxt əliyalın mülki əhaliyə, qocaya, qadına və uşağa əl qaldırmayıb. Ermənilər isə bunu ediblər, Xocalıda hamilə qadınlarımızı, uşaqlarımızı süngüdən keçiriblər. Amma bu gün Laçın yolunun guya bağlı olduğunu iddia edən və onun açılması tələbini irəli sürən ölkələrin mütləq əksəriyyəti Xocalı soyqırımını indiyədək tanımayıb. Erməni uydurmalarına inanaraq onlara ədalət istəyən ölkələrin çoxu “Xocalıya ədalət” çağrışımızı indiyədək qulaqardına vurub. Bu gün rəsmi İrəvanla sinxron şəkildə haray-həşir salan dairələr, görəsən, 2020-ci ildə Xankəndiyə girsəydik nə edərdilər, hansı yalanları uydurar və dünyanı hansı iftiralarına inanadırmağa çalışardılar? Siyasi simulyasiya yolunu seçən Ermənistan rəsmilərinin və havadarlarının qulaqları eşitmədiyi kimi, gözləri qəsdən onu da görmür ki, Ermənistanda Azərbaycana qarşı səlib-xaç yürüşü elan edilib. Özü də bu, BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdən cəmi bir neçə gün əvvəl baş verdi. Ermənilərin bu ərəfədə nəyə işarə etdiyi və dini mənsubiyyət amilini məqsədli şəkildə qabartması təsadüf kimi qiymətləndirilə bilərmi? Niyə Xocalı soyqırımını indiyədək tanımayan böyük dövlətlərdən heç biri zamanında Ermənistana barmaq silkələmədi və dini təfriqənin yolverilməz olduğunu ona başa salmadı? Niyə BMT-də keçirilən müzakirələr zamanı Təhlükəsizlik Şurasının daimi üzvlərindən heç birinin yadına düşmədi ki, 2014-cü ildə elə həmin Təhlükəsizlik Şurası Rusiyanın separatçı Donetsk vilayətinə humanitar yardım çatdırmaq tələbini və istəyini rədd etmişdi? Niyə təhlükəsiz dünya nizamına görə daha çox məsuliyyət daşıyan böyük dövlətlərdən bəziləri hələ də eşitmir və görmür, yaxud eşidib görmək istəmir ki, Ruben Vardanyan kimi emissarlar artıq Azərbaycan Prezidentini və onun ailə üzvlərini terrorla təhdid edərək “Nemezis”-in və “ASALA”-nın terror təcrübəsini çəkinmədən və utanmadan yada salırlar. Təəssüf ki, bu, təkcə ayrı-ayrı emissarların və onlar kimi xəstə ünsürlərin baxış bucağı deyil. Siyasi simulyasiya və şantaj, təxribat və terror artıq çoxdandır ki, Ermənistanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Ermənistan baş nazirinin və onun xarici işlər nazirinin, eləcə də əksər rəsmilərinin uydurduqları yalan və iftiralar elə bu siyasətin pərdələnməsinə, həqiqətlərin onların kölgəsində qalmasına xidmət edir.

Ermənistanın istər indiki, istərsə də bundan əvvəlki rəsmilərinin siyasəti yalnız bir məqsədə xidmət edib və hələ də bu məqsədə xidmət edir: nəyin bahasına olursa-olsun vaxt udmaq və Qarabağdan vaz keçməmək. Əslində, ermənilərin suveren ərazimizdə-Laçında qurduğumuz nəzarət-buraxılış məntəqəsinin götürülməsinə hesablanmış BMT-dəki müzakirə təşəbbüsü də onların bu cür haqsız niyyətinin tərkib hissəsidir. Ermənistanın xarici işlər naziri hətta BMT kimi mötəbər bir təşkilatın tribunasından Laçın yolunun özləri üçün “həyat yolu” olduğunu bəyan edirsə, bu, açıq-aşkar o deməkdir ki, Ermənistanın sülhlə bağlı bütün bəyanatları saxtadır və o, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyib. Ermənistan hələ də ümid edir ki, geosiyasi vəziyyət nə zamansa onların xeyrinə dəyişə bilər. Belə bir vəziyyətdə Azərbaycanın hansı strateji yolu tutmalı olduğuna gəldikdə isə, bununla bağlı gerçək və ən dürüst vəziyyəti Prezident İlham Əliyev elə bu yaxınlarda “Euronews” televiziyasına müsahibəsində kifayət qədər açıq mətnlə aydınlıq gətirdi: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır?.. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.

Son 30 ildə Azərbaycan dəfələrlə böyük güclərin ikili standartlar, faktiki olaraq isə ayrı-seçkilik siyasətindən əziyyət çəkməli olub. Bu illər ərzində Qarabağı və Ermənistanı başıaçıq-ayaqyalın, mal-mülkünü itirərək tərk etməyə məcbur edilən milyona yaxın azərbaycanlını nədənsə çoxları görmədi və indi ermənilər üçün uydurma “humanitar fəlakətdən” dəm vuranlar o zaman nədənsə susdular? BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl Azərbaycanla bağlı qəbul etdiyi məlum dörd qətnaməsinin Vətən müharibəsindəki Qələbəmizə qədər kağız üzərində qalması da elə bu cür ayrı-seçkiliyin nümunələrindən biridir. Yeri gəlmişkən, həmin qətnamələrin ziddinə olaraq, erməni silahlı birləşmələri ərazilərimizdən hələ də tam çıxmayıb. Baxmayaraq ki, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan əsas razılaşmalardan və Ermənistanın, eləcə də Rusiyanın üzərinə götürdüyü vacib öhdəliklərindən biridir. Bu faktı görmək və təsbit etmək istəməyən Ermənistan və onun himayədarları bilməlidirlər ki, Qarabağda yaşayan erməniləri girov kimi saxlayan, bunun üçün “humanitar fəlakət”, “genosid” yalanını uyduran, Ağdam-Xankəndi yolunu beton plitələrlə bağlayan elə həmin silahlı birləşmələr və onları maliyələşdirən separatçı rejimlə yanaşı, bugünkü Ermənistan hakimiyyətidir. Bu, bir həqiqətdir və onu görmək istəməyən, yaxud etiraf etməyən dairələrin sülh və vasitəçilik təşəbbüsləri, əslində, Ermənistanın simulyasiya siyasətindən heç nə ilə fərqlənmir.

Qarabağda yaşayan mülki erməniləri separatçı rejimin və Ermənistanın süni blokadasından, girovluğundan azad etmək isə Azərbaycanın legitim hüququ və birbaşa vəzifəsidir. Bunu suveren hüquqlarımız və yerli qanunvericiliyimizlə yanaşı, BMT-nin Nizamnaməsi, eləcə də insan haqları ilə bağlı qoşulduğumuz beynəlxalq Konvensiyalar tələb edir. Təəssüf ki, təhlükəsiz dünya nizamını təhdid edən separatçılığa qarşı mübarizədə vahid beynəlxalq mövqenin formalaşmasına ayrı-ayrı dairələrin siyasi maraqları və ikili standartlar siyasəti indi də mane olmaqdadır. Bu istiqamətdə pozitiv meyillər müşahidə edilsə də, geosiyasi rəqabət amili ortaq və qəti mövqenin formalaşmasına hələ də mane olur. O da çox təəssüf ki, bəzən öz içərimizdən olan, xüsusən radikallığı ilə boş-boşuna öyünən ayrı-ayrı müxalifət nümayəndələri də ikili standartlardan çəkdiyimiz əziyyəti məqsədli şəkildə görməzdən gəlir, Azərbaycan hakimiyyətinin ümumxalq maraqlarımız naminə bu cür ədalətsiz meyillərə qarşı apardığı mübarizəsinə kölgə salmağa çalışır. Belələri riyakarcasına onu da iddia edir ki, guya haqq səsimizin dünyada eşidilməməsinin səbəbi diplomatiyamızın uğursuzluğu ilə bağlıdır. Bu, əslində, nə etmək istədiyini heç özü də dəqiq bilməyən və ictimai dəstəkdən məhrum olan radikal müxalifətin çox kövrək olsa da, son reabilitasiya cəhdi və bu məqsədlə istifadə etdiyi növbəti iftirasıdir. Ermənistan diplomatiyasının əndazəni aşan yalan və iftira dolu simulyasiya siyasətinin BMT-də ikinci dəfə iflasa uğraması, ermənilərin arzu və hikkəsinin, gözlənti və bəyanatlarının ziddinə olaraq, orada heç bir sənədin qəbul edilməməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu uğurlarımızı görməyən və ya görmək istəməyən, hətta ümummilli məsələlərdə də yanaşmalarını şəxsi siyasi maraqlarına bağlayanlara Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında açıqladığı reallığı bir daha xatırlatmaq istərdim: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Bu gerçəkliyi və onun həqiqi miqyasını hər birimiz dəqiq bilməliyik və onu heç vaxt unutmamalıyıq. Gələcək nəsillər də bu reallığı bilməlidir. Xankəndidə Azərbaycanın Dövlət və Qələbə Bayrağının tezliklə yüksəldilməsi, Qarabağ ermənilərinin girovluqdan xilas edilərək Azərbaycana reinteqrasiyası və Ermənistanla dayanıqlı sülhün, dinc birgəyaşayışın əldə olunması üçün də bu çox vacibdir. Ermənistanın indiki baş naziri Nikol Paşinyan və kimliyindən asılı olmayaraq onun siyasi xələfi indidən bilməlidir ki, istəsələr də, istəməsələr də Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi öhdəliklərini yerinə yetirməli olacaqlar. Bu yol ermənilərdən fərqli olaraq, bizim üçün “həyat yolu” olmasa da, tarixi Qələbə nəticəsində əldə etdiyimiz və üçtərəfli Bəyanatda təsbit olunmuş hüquqi, həm də tarixi haqqımızdır. Ermənistan hakimiyyəti və cəmiyyəti onu da bilməlidir ki, tarixi haqqımıza göz yumduğumuz anlar artıq keçmişdə qalıb.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

Leave A Reply

Your email address will not be published.

Tərcümə »