Rusiya Zəngəzur dəhlizinin açılmasını vacib sayır.
Report xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
“Rusiya dəfələrlə bu infrastruktur layihəsinin açılmasının vacibliyini vurğulayıb. Bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da qeyd olunub. Hər halda, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır”, – İ.Korotçenko bildirib.
Politoloq xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizinin açılmasından rəsmi şəkildə imtina edib:
“Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində dəfələrlə bəyan edib ki, bu proses həyata keçiriləcək, Azərbaycan öz üzərinə düşən işi yerinə yetirir, Ermənistan tərəfi öz öhdəliklərini həyata keçirməlidir. Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur”.