Ermənistanın son günlər Azərbaycanla sərhəddə, “Laçın” sərhəd-keçid postunun önündə “TIR şousu” düzənləyərək süni gərginlik yaratması və Qarabağdakı separatçı ünsürlərin mülki ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneçilik törətməsi fonunda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə toxunulan mövzuların aktuallığı baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, müsahibə ilk növbədə Ermənistandakı ermənilərə və eyni zamanda Qarabağın erməni sakinlərinə açıq ismarıc xarakteri daşıyır.
Dövlət başçımız Ermənistanın millətçi-revanşist əhval-ruhiyyəli ictimaiyyətini yeni reallıqlarla hesablaşmağa və xam xəyallarla, öz liderlərinin Ermənistanın gücü barədə uydurduqları nağıllarla, hekayələrlə yaşamaqdan əl çəkməyə çağırdı: “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi”.
Azərbaycan liderindən Ermənistan hökumətinə və erməni ictimaiyyətinə çatdırılan başqa bir mesaj ondan ibarət oldu ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır. Qəbulolunan seçim isə sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Burada söhbət həm Xankəndinin azərbaycanlı əhalisindən, həm də Qərbi Azərbaycandan olan soydaşlarımızdan gedir.
Ermənilər bilməlidir ki, Azərbaycan və Ermənistan qonşuluq əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz evlərinə – Qərbi Zəngəzura, Göyçəyə, İrəvana və sair yerlərə qayıtmaq hüququ təmin olunmalıdır. Bu heç də bizim tərəfimizdən ərazi iddiası deyil. Dövlət başçımızın da qeyd etdiyi kimi bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Söhbət sadəcə olaraq soydaşlarımızın öz tarixi yurd yerlərində yaşamaq hüquqlarının bərpa edilməsindən gedir və bu da bütün beynəlxalq konvensiyalara uyğundur. Ermənistan dövləti və erməni ictimaiyyəti bu reallığı qəbul etməlidir. Qəbulolunan seçim deyərkən məhz bunu başa düşməliyik.
Cənab Prezident həmçinin vurğuladı ki, Qarabağdakı ermənilər də separatçı rejimin “lider”lərinin arxasınca getməməlidirlər. Çünki o “lider”lər mülki ermənilərə daim yalan danışıblar və onları manipulyasiyanın girovuna çeviriblər. Bu da danılmaz həqiqətdir ki, Qarabağda yaşayan ermənilərin acınacaqlı vəziyyətinə yalnız Bakı son qoya bilər. Onları separatçı quldur rejimin əsarətindən qurtarmaq missiyası da nə İrəvanın, nədəki Rusiyanın müvəqqəti sülhməramlı kontingentinin üzərinə düşür. Bu missiyanı da Bakı həyata keçirəcək. Məhz buna görə də İlham Əliyev Qarabağdakı erməni icmasını həm yeni reallıqlarla hesablaşmağa çağırdı, həm də onlara bizim vətəndaşlarımız olaraq reinteqrasiya nəticəsində əldə edəcəkləri imkanları xatırlatdı: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.
Prezident nəyə görə bu qədər açıq və konkret mətnlə ismarıc yolladı? Çünki sözügedən məqamlar – təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları və s. bu gün Qarabağdakı mülki ermənilərin sıx-sıx müzakirə etdikləri məsələlərdir. Dövlət başçımız Xankəndidəki real vəziyyəti də, oradakı mülki ermənilərin ovqatını da və onları narahat edən məsələləri də yaxşı bilir. Ermənilər də öz növbəsində İlham Əliyevin ismarıcını düzgün dəyərləndirməlidirlər. Qarabağın erməni icması Xankəndidəki separatçı “lider”lərin qızışdırıcı çağırışlarına uyaraq beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalı və reinteqrasiyadan boyun qaçırmamalıdır.
Bu mənada, indi Qarabağdakı ermənilərin iki yolu var: ya Bakının reinteqrasiya təklifini qəbul etməlidirlər, yadaki ərazimizdə qeyri-qanuni yaşamaq praktikasına son qoyub ölkəmizin hüdudlarını tərk etməlidirlər. Bəli, seçim variantları bu qədər konkretdir. Üçüncü seçim variantı yoxdur və ola da bilməz. Azərbaycanın yerli idarəetməsini qəbul etməyən ermənilərə heç bir güzəşt olunmayacaq. Bu, dünya təcrübəsində də belədir. Heç bir hökumət separatçıların nazıyla oynamır. Bu gün Azərbaycan dövləti də, Azərbaycan cəmiyyəti də ermənilərin reinteqrasiyasına açıqdırsa, bu, Azərbaycan tərəfinin humanizmini göstərir.
Ümumiyyətlə, “Euronews” televiziyasına müsahibədə səsləndirilən mesajların məzmunu onu göstərir ki, Azərbaycan Prezidenti ermənilərin bizim cəmiyyətimizə reinteqrasiyasının insidentsiz, problemsiz baş tutacağına inanır. Çünki bu istiqamətdə ilkin təcrübələr də pozitiv düşünməyimizə əsas verir. Elə Cənab Prezident də “Euronews”dan olan jurnalistin mövzuyla bağlı sualını cavablandırarkən ermənilərlə azərbaycanlıların ilkin təmaslarının müsbət nəticələrini xüsusi olaraq vurğuladı: “Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.
Bütün bunlar onu göstərir ki, ermənilərin reinteqrasiya ilə bağlı narahatçılıqları üçün heç bir əsas yoxdur. Cənab Prezident onların təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və sair hüquqlarının təmin edilməsi ilə bağlı özü şəxsən zəmanət verir. Dövlət başçısının zəmanətindən daha yüksək nə ola bilər? İlham Əliyev kimi sözündə, vədində bütöv olan bir dövlət başçısının verdiyi zəmanət xüsusi əhəmiyyətə malikdir. Odur ki, Prezidentin məlum müsahibədəki müraciətinin sonundakı qeydi erməni icmasını həqiqətən də ciddi şəkildə düşündürməlidir: “Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”. Əslində, Qarabağdakı ermənilər sözünün sahibi olan Azərbaycan Prezidenti ilə Ermənistanın yalançı və hiyləgər liderlərinin fərqini yaxşı bilirlər. Ona görə də onlar İlham Əliyevin reinteqrasiya ilə bağlı ismarıclarını düzgün dəyərləndirməlidirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri