Azərbaycan tarixini silmək, saxtalaşdırmaq Rza Şah hakimiyyətə gəldikdən sonra başlamış bir cərəyandır. Təbrizdə bir çox tarixi əsərlər onun zamanında məhv edildi. Sonra oğlu, ardınca İslam rejimi dönəmində bu siyasət davam etdirildi. İndi də belə halları görməkdəyik.
Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və araşdırmaçı Məhəmməd Rəhmanifər 170 illik tarixi abidə olan Təbrizdəki “Kələntər evi”nin dağıdılması ilə bağlı danışarkən deyib.
Qacar dönəmindən yadigar qalan tarixi evin aqibətindən danışan araşdırmaçı “Kələntər evi”nin də digər miraslarımız kimi İranın çirkin siyasətinin qurbanı olduğunu bildirib:
“Əsas məqsəd türk kimliyinə aid olan tarixi-mədəni irsi bu yerlərdən silməkdir. Azərbaycan bölgəsində türklərin varlığını göstərən istənilən abidəni imkan düşdükcə dağıtmağa çalışıblar. Bunu iki istiqamətdə həyata keçiriblər. Biri də Güney Azərbaycan türklərinin tarixi yaddaşını aradan götürmək üçün saxta tarix yazıb, kimliyimizi, tariximizi fərqli göstərmək olub. Bunu hətta dərsliklərə də saldılar. Bu gün bizim uşaqlara o saxta tarixləri keçirlər”.
O, Təbrizdə mövcud olan tarixi abidələri 100 il əvvəl ilə müqayisə edib:
“Təbrizdə gözə dəyən tarixi əsərlər 100 il bundan öncə mövcud olan tarixi abidələrin onda biri deyil. Bizdə onların şəkilləri var, nə vaxtsa mövcud olduğu haqqında məlumatlıyıq. İndi isə yerli-dibli yoxdur. Fərqli bəhanələrə, yol çəkmək adı ilə bu abidələri qəsdən sökürlər. Sanki yer qıtlığıdır. Yolu gətirib, düz, tarixi abidənin içərisi ilə aparırlar. Odur ki, bu məsələləri dəyərləndirməliyik və çox təəssüf ki, proses dayanmayıb”.
Qeyd edək ki, 1892-ci ildə inşa edilən Kələntər Evi Milli Əsərlər siyahısına salınıb. Lakin abidənin bərpası üçün heç bir iş görülməyib. Tarixi abidənin bərpası, qorunub saxlanılması ilə bağlı müraciətlər cavabsız qaldığından təbrizlilər abidənin xilası üçün imza kampaniyasına başlayıblar.