“Erməni yalanlarının ifşa edilməsi baxımından bu cür zənglərin müstəsna əhəmiyyəti var”

0

Qarabağdakı erməni mənşəli mülki şəxslərə zəruri ərzaq və humanitar yükləri çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini hətta ABŞ rəsmiləri də etiraf edirlər. ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu bildirməklə bərabər, həmçinin humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini qeyd etməsi də bunu təsdiqləyir.

Bu onu göstərir ki, yüklərin daşınması üçün Bakının alternativ marşrut olaraq təklif etdiyi Ağdam-Xankəndi yolunun optimallığını Ağ Ev də qəbul edir. ABŞ-la bərabər bu reallığı Avropa İttifaqı da qəbul edir. Hətta ənənəvi olaraq ermənipərəstliyi ilə fərqlənən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də sözügedən təklifi dəstəkləyir. Bir sözlə, erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi məsələsinə bütün əsas aktorlar isti yanaşır. Yalnız rəsmi İrəvan və birdəki Qarabağdakı separatçılar Bakının bu təklifini az qala “dünyanın sonu” kimi təqdim etməyə, isterik reaksiya verməyə davam edirlər. Onların “humanitar yük” və “blokada” ilə bağlı iddiaları, siyasi şouları da məhz bundan qaynaqlanır.

Lakin ermənilərin təxribatları, qaralama kampaniyaları boşuna cəhddir. Onlar faktları və həqiqətləri təhrif etməklə siyasi manipulyasiya ilə, spekulyasiya ilə məşğul olur, Azərbaycanı şantaj etməyə çalışırlar. Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, BQXK-nin əliylə qaçaqmalçılığa cəhd etməsi, Azərbaycandan icazə istəmədən “Spayka” yük avtomobilləri karvanını Laçın postundan keçirməyə can atması da şantaj və təzyiq hərəkətləridir. Cənab Prezident də Entoni Blinkenlə telefon söhbətində Ermənistanın siyasi manipulyasiya hərəkətlərini xüsusilə vurğulayıb. Erməni yalanlarının ifşa edilməsi baxımından bu cür zənglərin müstəsna əhəmiyyəti var.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »