Mirzoyan Moskvadan öncə Tehrana buna görə getdi

0

Ararat Mirzoyanın İrana səfəri Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə əlaqədar idi.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında iranşünas Janna Vardanyan deyib.

Onun fikrincə, Ermənistan xarici işlər naziri Tehrana danışıqlar prosesi barədə İran tərəfini məlumatlandırmaq və İranın regional məsələlərdə mövqeyinin dəyişməz qalmasına bir daha əmin olmaq üçün getmişdi:

“Görünür, bu, qarşılıqlı məlumat mübadiləsi səfəri idi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfərin məqsədinin Ermənistanın baş naziri ilə İran prezidenti arasında razılaşmaları yerinə yetirmək olduğunu bildirsə də, hesab edirəm ki, bu, ikinci dərəcəli məsələdir, əsas amil Moskva danışıqları idi”.

Vardanyan bu görüşlər zamanı İran tərəfinin bir neçə “vurğusunu” qeyd edib:

“Əvvəla, bu, Ermənistan-İran sərhədinin toxunulmaz qalması tezisidir. Bu, Tehranın regionda xarici aktorların olmasının yolverilməzliyi ilə bağlı bəyanatlarının əhəmiyyətini vurğulayır – xüsusilə ABŞ, AB və İsrailə aiddir. İranın xarici işlər naziri məhz bu kontekstdə “3+3” mexanizmini bir daha xatırlatdı və bu formatda görüşlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Bu mexanizm kifayət qədər uzun müddətdir fəaliyyətsizdir, cəmi 1 görüş keçirilib və hələlik bu formatı yalnız İran təbliğ edir.

Düşünmürəm ki, Türkiyə və Azərbaycan İranın iştirakı ilə 3+3 formatdan istifadə etməkdə maraqlıdırlar. Hətta bu platforma yalnız iqtisadi və digər məsələlərin müzakirəsi üçün olsa belə, bu format işləməyəcək. Bir tərəfdən İranla Azərbaycanın münasibətləri gərgindir, digər tərəfdən Ermənistan da bu formatda iştiraka o qədər də maraq göstərmir. Hazırda mən hətta 3+2 formatını da qeyri-real hesab edirəm”.

Vardanyan İranın regionda sərhədlərin yenidən çəkilməsinə imkan verməyəcəyi ilə bağlı son bəyanatlarını da xatırladıb:

“Bunlar sadəcə söz deyil, çünki son 3 ildə biz Tehrandan bu ölkənin qətiyyətli olduğunu təsdiqləyən bəyanatlar eşitmişik və müxtəlif hərəkətləri (məsələn, təlimlər) görmüşük. Bu kontekstdə Ermənistan xarici işlər nazirinin müavini Kostanyanın 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı daha genişmiqyaslı təcavüz hazırladığı və İranın bunun qarşısını aldığı barədə açıqlamasını unutmamalıyıq. Bunlar sadəcə bəyanatlar deyil, ən yüksək səviyyədə səsləndirilir. Üstəlik, Cənubi Qafqaz onlar üçün (İran – red.) prioritet məsələyə çevrilib və onlar təkcə bir bəyanatla kifayətlənmək fikrində deyillər. Bir tərəfdən hərəkətləri – məlum təlimləri görürük, digər tərəfdən isə müxtəlif platformalarda öz mövqelərini səsləndirirlər. Rusiya, Türkiyə, Azərbaycan nümayəndələri ilə görüşlərdə bu barədə danışırlar. Düşünürəm ki, onlar yalnız sözlə kifayətlənməyəcəklər”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »