Avropa İranın “ölüm şurası” üzvünə qucaq açdı

0

“Ölüm şurası”nın üzvü, 1988-ci ilin mayında (hicri 1367-ci il) minlərlə siyasi məhbusun qətliamında birbaşa əli olan Hüseynəli Nirinin müalicə məqsədi ilə Almaniyaya səfəri haqda bu ölkənin KİV-ləri məlumat dərc edir. O Hüseynəli Niri ki, Evin həbsxanasının sabiq şəriət hakimi olub. Hazırda isə İran İslam Respublikasında Ali Məhkəmə sədrinin müavini vəzifəsindədir.

1367-ci il, zənnimcə, hər bir iranlının yaddaşında qanlı və qaranlıq bir il kimi əbədi olaraq qalacaq. Həmin ilin yayında Xomeyninin fərmanı ilə törədilən qətliam molla rejiminin əsl mahiyyətini daima bizə xatırlatmaqdadır. Minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsi dünya miqyasında böyük bir cinayətdir. Elə bir cinayət ki, bunu nə ört-basdır etmək mümkündür, nə görməzdən gəlmək…

Lakin bu insani faciənin üstündən 35 il ötməsinə baxmayaraq, hələ də qətliamın icraçıları – İbrahim Rəisidən tutmuş Hüseynəli Niriyə qədər, azad şəkildə, əl-qollarını sallayaraq istədikləri ölkədə kef içində gəzirlər. İran xalqına rəva görmədikləri “bəlade kofr”un (“Kafirlərin məkanı”, müsəlman olmayanların yaşadığı ölkələr üçün işlədilən ifadə – red.) yaratdığı hər bir şəraitdən yararlanmaqda bir an belə tərəddüd etmirlər, amma bizlərə gəldikdə səbr etməliyik, Allahdan ümidi kəsməməliyik.

Bunların ikiüzlü siyasətləri artıq bir çoxlarımız üçün aydındır və buna görə də xalq olaraq yolumuzu mövcud rejimdən ayırmışıq. Bu rejimin islahına da artıq heç bir inam qalmayıb. Bilirik ki, bunlar hakimiyyətdə olduğu müddət ərzində İran əhalisi, hətta region üçün asayiş olmayacaq. Hazırki hakimiyyət mütləq şərdir; Lakin təəccüb doğuran məsələ budur ki, dünya ictimaiyyəti bunlara qarşı etinasız münasibət sərgiləyir. Halbuki bütün dünya dövlətləri üçün İran İslam Respublikasının son 45 ildə istər daxildə, istər xaricdə törətdiyi cinayətləri aydındır. 1367-ci ildə kütləvi edamları, 1398-ci ilin etirazlarında, “Qadın, Yaşam, Azadlıq” inqilabı hərəkatında və bu kimi bir çox aksiyalarda minlərlə sivil insanın odlu silahlar vasitəsilə qətlə yetirilməsi, tələbələrimizin hündür mərtəbəli binalardan atılması, gənc bacılarımıza təcavüz olunması və saymaqla bitməyən başqa cinayətlər, qarətlər heç kəs tərəfindən gözardı edilməməlidir.

Belə bir halda, Nürnberq prosesi kimi addımların atılmasını gözləyərkən rejimin cəlladlarının Avropa və Amerikaya rahat şəkildə səfər etmələrini görmək bu ölkələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası başda olmaqla, bütün insan haqlarını müdafiə edən təşkilatlar üçün utancverici olsun gərək.
Bu illər ərzində beynəlxalq təşkilatlar bəyanatlar verərək ittiham etməkdən başqa nə ediblər? Hansı önləyici tədbirlər görüblər? Necə olur ki, Niri kimi bir qatil Avropaya ayaq basır? Halbuki həmin Avropada bu şəxsi 1367-ci il qətliamının səbəbkarlarından biri kimi tanıyırlar. Bu paradoksun anlamı nədir?

Görünür ki, bütün bunlar sadəcə şüardan ibarətdir. Bizlərin taleyi başqaları üçün heç də maraqlı deyil. Bunu nəzərə almalıyıq ki, biz bir xalq olaraq dünyanın bizə qarşı münasibətini dəyişdirmə gücünə sahibik. Öz haqlarımızı başqalarından dilənmək kimi bir niyyətimiz yoxdur, amma başqalarının diqqətini gündəm məsələmizə cəlb edə bilməyin bugünkü dünyada necə əhəmiyyət daşıdığını az da olsa, son zamanlarda gördük. Xatırladım ki, bir neçə ay əvvəl PS 752 Uçuş Qurbanlarının Ailələri Assosiasiyasının Kanada dövlətinə yönəlik təzyiqləri nəticəsində (bir neçə başqa amilləri nəzərə alaraq) SEPAH adıçəkilən dövlət tərəfindən terrorçu qurum kimi qəbul edildi. Bu yetərli addım idi? Əlbəttə ki, yox! Amma bir əsas mesajı var idi: Dünya dövlətləri bizim agah və tələbkar olduğumuzu dərk etsələr, çox güman ki, aşkar cinayətlərə etinasız yanaşmazlar. Bizim azadlıq uğrundakı mübarizə əzmimizi hiss edən hər hansı bir dövlət rejimin yox, məhz xalqın yanında durmağı tərcih edər.

Bunun üçün də öncə bu məsələnin nə dərəcədə önəmli olduğunu dərk etməliyik. “Hüseynəli Niri müalicə üçün Almaniyaya səfər edib” kimi xəbərləri üzdən oxuyub keçməməliyik. Biz etinasız yanaşdığımız müddətdə Qərbin, eləcə də digər dövlətlərin mövqeyi dəyişməz olaraq qalacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »