Qərb ölkələri taxıl sövdələşməsi ilə bağlı hərəkətə keçməlidir, bu mexanizmin dayandırılması aclığa və miqrasiya dalğasına səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Taxıl sazişinin dayandırılması qlobal ərzaq qiymətlərinin artması, bəzi regionlarda aclıq və yeni miqrasiya dalğaları da daxil olmaqla bir sıra nəticələrə gətirib çıxaracaq. Biz bunun qarşısını almaqdan çəkinməyəcəyik. Qərb dövlətləri də bu məsələdə hərəkətə keçməlidir. Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində biz dünya bazarlarına 33 milyondan çox taxıl çıxarmışıq, qlobal pandemiya və iqtisadi böhrandan sonra nəticələri daha ağır olacaq qlobal ərzaq böhranının qarşısını almışıq”, – o bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, nəticəyə əsasən belə mühüm təşəbbüsün davam etdirilməsi bəşəriyyətin maraqlarına uyğundur.
Rusiyanın mövqeyinə gəlincə, Ərdoğan vurğulayıb ki, Moskvanın taxıl müqaviləsi ilə bağlı müəyyən gözləntiləri var və o, bunu rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcək:
“Biz Rusiya ilə münasibətlərimizi saxlayırıq. Həm bizim xarici işlər nazirimiz cənab Fidan, həm də Milli Kəşfiyyat Təşkilatının rəhbəri cənab Kalın danışıqları davam etdirir. Danışıqlarla birlikdə biz çox yaxın gələcəkdə cənab Putinlə bu məsələni müəyyən nöqtəyə çatdıracağımıza ümid edirik. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar keçərsə, Rusiya bu taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır”.