SƏBR VƏ VƏFA NÜMUNƏSİ HZ.ZEYNƏBİN İBRƏTAMIZ HEKAYƏSİ

0

Zeynəb Vəkilova

Bu yazını anam Zeynəb xanımın xatirəsinə həsr edirəm!

Peyğəmbər əfəndimiz və onun ailə fərdləri insanlıq üçün ən gözəl nümunədir. Peyğəmbərin böyük qızı Zeynəbin həyat hekayəsi isə mənim üçün başqa bir anlam daşıyır ona görə ki, mötədil və mömin bir ailənin qızı olan anam Zeynəb xanımın adı məhz həmin şəxsdən götürülmüşdür.

Hz.Zeynəb Hz. Məhəmməd (s.a.v) Hz.Xədicənin evliliyindən doğulan ilk qızıdır. Onun doğuluşu və həyatı islami dəyərlərlə ehtiva edilmiş bir şəxsiyyətdir. Hz.Zeynəb doğulduğu zamanlarda Məkkədə kimin qız övladı doğulurdusa ona bu xəbəri çatdırdıqda o kədərlənirdi. Hz.Zeynəbin doğulması ilə bu pis ənənə pozuldu. Peyğəmbər əfəndimiz qızı Zeynəbin anadan olmasını sevinclə qarşıladı. Onun bu davranışı Məkkə əhlində təəccüb doğurdu. Zeynəbin doğuluşu ilə İslamda qadına münasibətin ilkin olaraq müsbət təzahürləri meydana çıxıdı. Hz.Zeynəb xalası Hale binti Huveylidin oğlu Əbül-Asla evləndi. Əbül-As İbn Rebi Rəsulullahın (s) ilk kürəkəni idi. İslamdan əvvəl qızı Hz.Zeynəblə evlənən Əbül-As namuslu və etibarlı insan olmaqla bərabər həm də Məkkənin ən varlı tacirlərindən idi. O, ömrü boyu yalan danışmayan, xalqın inam və etimadını qazanan xoş xasiyyətli, sədaqətli bir insan idi. Onların bu evlilikdən Əli və Ümame adlı iki uşağı dünyaya gəlmişdi. Onlar evlilik həyatında əqidələrinə görə müəyyən problemlər yaşamalı oldular. Lakin Hz.Zeynəbin səbr və vəfası nəticəsində Allah onları mükafatlandırdı.

HZ.ZEYNƏB MÜSƏLMAN OLUR

Əbül-As bir gün səfərdən qayıdanda həyat yoldaşı Hz. Zeynəb ona atası Hz.Məhəmmədə (s) Allah tərəfindən peyğəmbərlik verildiyini onun da bu dini qəbul etdiyini söylədi. Hz. Zeynəb həyat yoldaşı Əbul-Asa da islamı qəbul etməyi təklif etdi. O, arvadının müsəlman olmaq təklifini qəbul etməsə də, onun dini inancına hörmətlə yanaşdı. Əbül-As həyat yoldaşına bildirdi ki, o Hz. Məhəmmədin nə qədər doğru danışan biri olduğunu bilir. O, zarafatla olsa belə yalan danışmaz. Əslində Əbül-As qəlbindən iman gətirsə də bunu dilində izhar etməyə cürət etmədi. O, fikirləşdi ki, Məkkəlilər onu qınayarlar ki, ata-babalarının dinini qoyub qaynatasının dinini qəbul edib.

İslam elan edildikdən sonra Məkkə müşriklər başda Peyğəmbərin əmisi Əbu-Ləhəb olmaqla Əbül-Asa Zeynəbi boşamasını təklif etdilər. Ona söylədilər ki, Zeynəbi boşadığı təqdirdə onu Məkkənin istənilən qızı ilə evləndirəcəklər. Əbül-As bu təklifi rədd etdi arvadını boşaya bilməyəcəyini bildirdi. Allah Rəsulu digər övladları ilə birlikdə Mədinəyə hicrət edəndə isə Əbül-As Zeynəbin onlarla getməsinə icazə vermədi. Hz.Zeynəb ailə üzvləri ilə birlikdə Mədinəyə getmək istəsə də ərinə itaət yolu tutaraq Məkkədə qaldı. İslamın ilkin dövrləri olduğu üçün hələlik Allah Təala tərəfindən ər-arvad münasibətləri ilə bağlı ayələr hələ tam nazil olmamışdı. Odur ki, Hz.Zeynəbin əri müşrik olsa belə o, ərinə itaət yolu tutdu.

HZ.XƏDİCƏNİN BOYUNBAĞISI PEYĞƏMBƏRİ DUYĞULANDIRDI

Əbül-As müşriklərin tərəfində Bədr döyüşündə iştirak edərək müsəlmanların üstünə getdi və döyüşdə əsir düşdü. Müşriklər əsirlərinin azad edilməsi üçün fidyə göndərdikdə, Zeynəb də bir az mal və anasının evləndiyi zaman ona hədiyyə etdiyi boyunbağı göndərdi. Hz. Peyğəmbər Əbül-Asın azad olunması üçün müsəlmanlara verilən fidiyənin içərisində Zeynəb evlənən zaman anası Hz.Xədicə tərəfindən toy hədiyyəsi kimi verdiyi boyunbağı görəndə çox duyğulandı və səhabələrindən qızının boyunbağı ilə birlikdə göndərdiyi malları geri qaytarmalarını və Əbül-Asın azad edilməsini istədi. Allah Rəsulu Əbül-Ası Məkkəyə qaçdıqdan sonra Hz.Zeynəbi Mədinəyə göndərmək şərti ilə azad etdi.

Əbül-As azad edilərək Məkkəyə qayıtdıqdan sonra Zeynəbə Mədinəyə hicrət etməyə icazə verdi. Əbül-As Zeynəbi qardaşı Kinanə ilə Mədinəyə yola saldı. Qureyşlilərdən bəziləri onların yolda olduqlarını biləndə onların ardınca getdilər. Hebbar, Esved və Nəfi Abdukays Zutuvada onlara yetişdi. Hebbar Zeynəbin dəvəsini nizə ilə qorxutduqda Zeynəb daşın üstünə yıxıldı qabırğası qırıldı o ölənə qədər bu ağrını hiss etdi. Bu səfərdə Hz.Zeynəbin əri Əbül-Asın qardaşı Kinanə ilə Mədinəyə gedə bilməsi mümkün olmadı. Sonra isə Kinanə Hz.Zeynəbi gecə Mədinəyə aparmaq zorunda qaldı. Gecə Hz.Zeynəbi atası Hz.Məhəmmədin(s) adamlarına təhvil verdi. Zeynəb Mədinədə, əri isə Məkkədə hicrətin altıncı ilinin sonuna qədər yaşadı, çünki ərinin müsəlman olmaması onların bir araya gəlməsinə mane olurdu. Əbül-As bu dövrdə müsəlmanlara qarşı Uhud döyüşünə qatıldığı söylənilir (Abdürrezzâk es-San’ani, VII, 171). Əbül-As hicrətin 6-cı ilində Qüreyşin ona çatdırdığı ticarət malları ilə Suriyadan qayıdarkən, Zeyd b. Harisenin komandanlığı altında onu və yoldaşlarını əsir götürdü və mallarını müsadirə etdi.

ƏBÜL-AS ZEYNƏBİN EVİNƏ SIĞINIR

Lakin Əbül-As onların əlindən qaçaraq gecə Mədinəyə getdi. O, Zeynəbi tapdı və onun evinə sığınaraq aman dilədi (özünün təhlükəsizliyini) və Qüreyşin ticarət mallarının qaytarılmasını xahiş etdi. Zeynəb onun təhlükəsizliyinə təminat verdiyini bildirdi və atasından xahişini yerinə yetirməsini istədi. Allah Rəsulu hər bir müsəlmanın aman vermək səlahiyyətinə malik olduğunu bildirərək Zeynəbin xahişini qəbul etdi, lakin onların ər-arvad kimi bir evdə yaşamasının mümkün olmadığını bildirdi. Çünki artıq Qurani Kərimdə müsəlman bir qadının müşrik bir kişi ilə nigaha girməsi qadağan edilirdi. Əbül-As Məkkəyə qayıdandan sonra ticarət mallarını sahiblərinə təhvil verdi. Sonra isə Məkkədə İslamı qəbul etdi.

ƏBÜL-AS HZ.ZEYNƏBLƏ YENİDƏN EVLƏNİR

Əbül-As Hicrətin 7-ci ilin Məhərrəm ayında (629) Mədinəyə hicrət etdi. Allah Rəsulu onun artıq müsəlman olduğunu nəzərə alaraq qızı Hz.Zeynəb ilə əvvəlki evliliklərinin davam etməsinə icazə verdi. Hz.Zeynəb cəmi otuz bir yaşında ikən Mədinədə vəfat etdi. Ölümünün səbəbi hicrət zamanı yaşadığı kədərli hadisə olduğu üçün şəhid sayılırdı.

Səbr və vəfa nümunəsi olan Hz.Zeynəbin ibrət dolu həyat hekayəsi hər birimiz üçün ən gözəl nümunədir.

Xəyalə Vəkilova

Leave A Reply

Your email address will not be published.

Tərcümə »