Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün yekunları proseslərin Azərbaycan üçün pozitiv məcrada cərəyan etdiyini göstərir. Bunu cənab Ş.Mişelin görüşün yekunlarına dair mətbuata verdiyi açıqlamasında səsləndirdiyi fikir də təsdiqləyir. Sayca altıncı olan Əliyev-Paşinyan görüşü həqiqətən də məhsuldar keçib.
Brüssel görüşü Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını bir qədər də yaxınlaşdırdı. Bu görüşü Ermənistan və Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən biri kimi də qiymətləndirmək olar. Baxmayaraq ki, görüş ərəfəsində Ermənistan tərəfi həmişəki kimi yenə də gərginliyin artmasına səbəb olan silahlı təxribatlara yol verdi, lakin buna rəğmən Brüsseldə baş tutan siyasi müzakirələrdə mühüm irəliləyiş müşahidə olunur.
Gündəlikdə olan məsələlərin hər biri Azərbaycan üçün də, Ermənistan üçün də prinsipial əhəmiyyət daşıyır. Suverenlik və ərazi bütövlüyü, sülh və normallaşma danışıqları, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və s. mövzuların hər biri üzrə Ş.Mişelin vasitəçiliyi ilə ətraflı müzakirələr aparılıb. Göründüyü kimi müzakirələrin ana xəttini ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tanınması təşkil edib. Tərəflər Brüsseldə qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət etdiklərini bir daha bəyan etdilər.
Həmçinin, sərhədlərin delmitasiyası 1991-ci ildə imzalanmış Almaata Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistan ilə əlaqələrinin həyata keçirildiyi Laçın yolu xüsusi statuslü “dəhliz” kimi yox, Azərbaycanın suveren hüquqları çərçivəsində mövcud olan sadəcə yol kimi istifadə olunacaq. Bu baxımdan Ş.Mişelin açıqlamasında da məhz “Laçın yolu” terminindən istifadə edilməsi çox əlamətdardır. Bu o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın öz suveren sərhədlərində qurduğu Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyü prinsipinə tam uyğun olduğunu qəbul edir.
Görüşdə həmçinin ilk dəfə olaraq Qarabağda yaşayan ermənilər üçün Laçın yolu vasitəsilə yox, Bərdə-Ağdam yolu vasitəsilə humanitar yüklərin daşınmasının təklif edilməsinin özü də olduqca mühüm yenilikdir. Şarl Mişel də bu təklifi müsbət qarşıladı. Bu təklifin icrası ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını sürətləndirə bilər. Ermənilər Bakının bu təklifini düzgün dəyərləndirməlidirlər. Qarabağ Azərbaycanın bir hissəsi olduğu üçün bu bölgə ilə həm paytaxtımız arasında, həm də ölkənin digər bölgələri arasında kommunikasiyanın yaradılması qaçılmazdır.
Brüssel görüşündə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurd yerlərinə qayıdışı məsələsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azəbaycanlıların taleyi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru nəqliyyat vasitəsi ilə əlaqələrin bərpa edilməsi və bu qəbildən olan bir sıra digər mühüm məsələlər də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gündəmə gətirilib və geniş müzakirə edilib.
Görüşün gündəliyi və nəticələri onu deməyə əsas verir ki, son Brüssel görüşü bütövlükdə Azərbaycan diplomatiyasının növbəti uğurudur. Təsadüfi deyil ki, Brüssel görüşünün nəticələrini şərh edən erməni mediası və Ermənistan müxalifəti də görüşdə hər şeyin Azərbaycanın istəyinə uyğun cərəyan etdiyini və Şarl Mişelin yekun açıqlamasında Qarabağın müqəddəratı ilə bağlı bir cümlənin, bir sözün də olmadığını etiraf edir. Bu da bir daha onu göstərir ki, sülh prosesinin şərtlərini Azərbaycan diktə edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri