Diaspor təşkilatlarından Ermənistanla bağlı çağırış

0

Azərbaycanın diaspor təşkilatları Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan sahibkarın minaya düşməsi ilə bağlı bəyanat yayıb.

Zafertv.az bəyanatın mətnini təqdim edir:

“Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir. Cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Azərbaycan diaspor təşkilatları beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə, Azərbaycanı texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin etməyə çağırır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »