General-mayor İvan Popov təsdiqləyib ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimov onu Ukrayna ordusunun Zaporojye istiqamətində əks-hücumunu dəf edərkən Rusiya ordusunun Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanlığından uzaqlaşdırıb.
Bu barədə Popovun səs yazısını Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəis müavini, general-leytenant Andrey Qurulev paylaşıb.
Popov bu qərarı onun ordudakı problemləri birbaşa yuxarı komandanlığa söyləməsi ilə əlaqələndirib:
“Sizin və həlak olanların adından mənim yalan danışmağa haqqım yox idi. Ona görə də bu gün orduda döyüş və dəstək baxımından mövcud olan bütün problemli məsələləri açıqladım. Problemlər əks-batareya döyüşünün və kəşfiyyatın olmaması, eləcə də düşmən artilleriyasından aldığımız kütləvi zərbələrdir”.
O qeyd edib ki, ən yüksək səviyyədə bir neçə başqa məsələni də qaldırıb:
“Buna görə də “böyük komandirlər” məndə hansısa təhlükəni hiss etdilər. Onlar tez bir zamanda müdafiə nazirinin əmrinə uyub, məni uzaqlaşdırdılar”.
Popov hansı “böyük komandirləri” nəzərdə tutduğunu tam dəqiqləşdirməyib. O, sadəcə onun işdən azad edilməsi əmrini verən bir nəfərdən danışıb. Popov həmin şəxsi ordunun kürəyindən bıçaq vuran “böyük komandir” adlandırıb.
Bir neçə mənbə Popov və Gerasimov arasındakı münaqişəyə toxunaraq, onun Gerasimovu nəzərdə tutuduğunu vurğulayır. İddia olunur ki, Baş Qərargah rəisi Popovu həyəcan təbili çalmaqda və ali rəhbərliyi şantaj etməkdə ittiham edib. 58-ci Ordunun keçmiş komandiri problemlə bağlı Ali Baş Komandan Vladimir Putinə şəxsən məruzə etməyə hazır olduğunu bəyan etdikdən sonra isə Gerasimov onu vəzifəsindən uzaqlaşdırıb.