Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, hazırda delimitasiya prosesinin neçənci ilin xəritəsi ilə aparılması, Bakı ilə Xankəndi arasında beynəlxalq dialoq mexanizmləri, “Qarabağ xalqının” hüquqları və təhlükəsizliyi ilə bağlı razılıq yoxdur.
Kostanyan bildirib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaq olsa da, işlər davam edir:
“Erməni tərəfi kommunikasiyaların blokadadan çıxarılması, delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi mövzuları çərçivəsində mətnlərin müzakirəsi üçün görüşlərə həmişə hazırdır. Biz bütün bu sahələr üzrə nəticənin qeydə alınmasında maraqlıyıq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş Qərargahının arxivində olan 1975-ci il xəritəsi əsasında sərhədin demarkasiyasının aparılmasını dəfələrlə gündəmə gətirsə də, Azərbaycan buna razılıq verdiyini açıqlamayıb.