Pandemiyadan öncə hər gün minlərlə insan müalicə üçün Azərbaycandan quru sərhədlə İrana üz tuturdu. Hətta ayda bir dəfə bu ölkəyə həkimə gedənlər olurdu. Pandemiya dövründə quru sərhədlər bağlandığı üçün bu axın azaldı. Amma son 1 ildə yenə də İrana müayinə və müalicə üçün gedənlərin sayında artım var.
İran klinikaları isə azərbaycanlı xəstələrə öz vətəndaşlarına göstərdikləri səviyyədə xidmət etmir. Artıq qiymətlər də ikiqat artıb.
Ən maraqlısı odur ki, Azərbacyanda İran həkimlərini də əvvəlki kimi tərif etmirlər. Əksinə, ordakı yanlış diaqnoz, səhv müalicə və ağır dərmanların təsirindən şikayətlənənlərin sayı artmağa başlayıb. Beləliklə, Azərbaycanda “İran səhiyyəsinin möhtəşəmliyi” ilə bağlı bilərəkdən yaradılan mif getdikcə dağılır.
Axar.az Medicina.az-a istinadən son 1 ildə İrana gedib vəziyyəti ağırlaşan bir neçə xəstənin hekayəsini təqdim edir.
Azyaşlı oğlunu İrana müalicəyə aparan Seyran Məmmədova:
“Oğluma bir vasitəçi ilə İranda həkim tapdıq. Mənə dedilər ki, burda eyni xəstəliyi olan neçə usağı sağaldıb. Amma nə qədər istəsəm də, onların nömrəsini vermədi ki, necə müalicə aldıqlarını soruşum. Orda klinikada 2 fərqli həkim uşağa fərqli diaqnoz qoydu. Biri Bakıdakı müayinə kağızlarını üstümə atdı. 5 gün qalmalıydıq, amma hələ də diaqnoz tapılmırdı. Səhvim onda oldu ki, özümlə nə qədər pul gətirdiyimi demişdim. 7 gün sonra ikinci həkim elə Bakıdakı diaqnozu təsdiqləyən sözlər dedi.
Oradakı analiz nəticələri çox fərqli çıxırdı. Uşağa iynə, dərman verməyə başladılar. Uşaq onsuz da ağrıyırdı, vəziyyəti daha da pisləşdi. Sonra onu xəstəxanaya yatırıb, güclü müalicələrə başladılar. Uşağım sanki donmuşdu, ağzı söz tutmur, cavab verə bilmirdi. Bütün pullarımızı sovurandan sonra uşağa bir torba dərman yazıb “gedə bilərsiz” dedilər. Uşağı birtəhər Bakıya gətirdik, yalnız 15 gün sonra uşağın beyni açıldı. O vaxta kimi sanki yuxudaydı. Ordan gətirdiyim dərmanları 5 tanış həkimə göstərdik, şoka düşdülər ki, hamısı böyüklər üçün dozalardır. Cəmi 2 dərman xəstəliyə uyğun idi.
Gedəndə uşağın bir xəstəliyi vardı, sonra əlavə problemlər çıxdı. Həmin dəllal vasitəçiyə “o həkimlə məni calaşdır, ya da ona de ki, uşağımı bədbəxt edib” dedim. O isə mənə “bunu bəyənmədin, Tehrana yaxşı həkim gəlib, ona gedək” dedi. Aldadıldığımı başa düşdüm. Sonradan mənim kimi çarəsiz anaların çox olduğunu öyrəndim”.
Azərbaycanla İran arasında son hadisələrdən sonra qonşu ölkəyə müalicə üçün gedən kişi pasiyentin isə ağlına gəlməyən başına gəlib. O, İranda casusluğa cəlb edilməsi barədə dostlarına məlumat verib. Digər yaxınını isə müalicə üçün İrana getmək fikrindən çəkindirib.
Belə ki, əvvəlki həkimi köçüb getdiyindən Tehranda başqa həkimə getməli olan xəstəyə guya virus əleyhinə iynə vurublar. İynədən sonra onun halı dəyişib. Ayaqları və başında ağrılar hiss edib, vəziyyəti ağırlaşıb.
Həkimlər ona bu gecə öləcəyini, amma vəziyyətdən çıxarmaq üçün bahalı müalicələr edə biləcəklərini deyiblər:
“Dedilər ki, səni vəziyyətdən çıxarmaq üçün nə lazımdır edərik, amma 50 min dollar lazımdır. Ancaq mən gecəylə o qədər pulu hardan tapım? Gecənin yarısı bir nəfər gəldi, məni söhbətə tutdu, dedi ki, sənə kömək edərik, amma bizlə işlə, əlaqədə ol, nəsə apar-gətir. Qısası, başa düşdüm ki, agenlik, kəşfiyyat işi təklif edirlər. İndi hər şeyi açıb deyə bilmirəm. Nəsə vururlar bədənimizə, nəsil-kökümüzü məhv edirlər. İrana getməməyin məsləhətdir”.
Qeyd edək ki, İrana gedib gəldikdən sonra çox insanda hepatit C, B, ağır infeksiyalar və bakterial yoluxmalar üzə çıxmağa başlayıb. Sosial şəbəkələrdə İranda müalicə almaq əvəzinə, əlil və zəlil olan, cibi soyulan, səhv diaqnoz qoyulan insanların rəyləri, şərhləri dəhşətlidir. Belə şərhlərdən birində deyilir:
“Qiymətlər qalxıb. Azərbaycanlı görəndə həkimlərin gözü parıldayır. Elə qeydiyyatda bizə öz pulumuzla 70, 80, 100, 200 manat oxuyurlar. Deyirik, İran pulu ilə deyin, sizdə UZİ neçiyədir? Deyir, yox, elə belədir”.
Başqa bir sosial şəbəkə istifadəçisi yazır:
“İranda təzə dəb düşüb. Xəstəni qorxutmaq. Ürəyin infarktdır, qaraciyərin serrozdur. Panik atakı 100 manata müalicə edirlər. Hətta o vəziyyətə gətirirlər ki, xəstə palatada yatmağa razı olur. Bu da gün hesabı puldur”.
Digər bir soydaşımız da həkimlərin pula hərisliyindən şikayətçidir:
“Biopsiyaya qaraciyərindən tikə götürəcəyik, deyirlər. Qadınların uşaqlığı, kişilərin qaraciyərindən götürürlər. Dollarla da qiymət deyirlər, manatla da. Nə göstərsən, tutub alırlar”.
İranda ən çox əziyyəti isə xərçəng xəstələri çəkir. İranlı həkimlər necəsə azərbaycanlıları guya xərçəng xəstəliyini yaxşı müalicə etdiklərinə inandırıblar. Halbuki müalicə, müayinə, kimya terapiyası Bakıda olduğu kimidir. İranın özündə imkanlı xəstələr xərçəng müalicəsi üçün adlı-sanlı həkimlərə və ya xarici ölkələrə üz tutur.
Eləcə də pul çatmayanda xəstənin və meyitin girov saxlanılması halları da var. Meyitin Bakıya göndərilməsinə isə yaxın belə durmurlar.
İranda dövlət xəstəxanaları və keyfiyyətdə geri qalan özəl xəstəxanalarda sanitar-gigiyenik normalar qorunmur, xəstəxanalarda infeksiyalar tüğyan edir. Orda yatan xəstələrə ağciyər, bağırsaq, hətta beyin mikrobları, infeksiyaları düşüb. Personal bunu bilsə də, heç bir təhlükəsizlik tədbirləri görmür.
İran uzun illərdir səhiyyə turizmində dünya ölkələri ilə ciddi əməkdaşlıq etmir. İranın öz daxilində çoxsaylı xəstələr ordusu var. Qonşu Rusiya, Türkiyədən İrana müalicəyə gedən xəstələr demək olar ki, yoxdur. Azərbaycanda müharibə dövründə uzun illər özəl sektor olmadığı üçün insanlar ordakı tibb, müalicə barədə eşidilənlərə inanıb gedirdilər. Lakin artıq ölkəmizdə müasir standartlara cavab verən özəl, dövlət klinikaları, hər cür avadanlıq, uzman həkimlər çoxdur. İranda ucuz müalicə isə çoxdan tarixə qovuşub. 75 manata USM, 100 manata MRT, 50 manata rentgen, 1000 manata əməliyyat artıq Azərbaycanda da var.
Bundan sonra İrandan gələn şəfaya yox, təhlükəyə qarşı diqqətli olmalıyıq. Çünki səhiyyədən və həkimlərdən xüsusi xidmət orqanları öz məqsədləri üçün istifadə etməkdə israrlıdır.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran rejiminin yaratdığı şərait bu ölkəyə gedən bütün xarici vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilib:
“İranda ABŞ, Fransa, Almaniya, Belçika və Azərbaycan vətəndaşları saxlanılıb. Onlara “casus” damğası vurulub. Ona görə də həmin ölkələr öz vətəndaşlarına İrana səfər etməməyi məsləhət görürlər. Heç kim təminat verə bilməz ki, müalicə olunduğu xəstəxanada İranın xüsusi xidmət orqanlarına çalışan əməkdaşlar yoxdur. Bu, təkcə həkim yox, adi işçilər – qeydiyyat şöbəsində çalışanlar, sanitarlar, taksi sürücüsü belə ola bilər. Onlar xarici ölkə vətəndaşlarını casusluğa cəlb edə bilər. Son 5-6 il ərzində İranda Azərbaycan vətəndaşları ilə bağlı baş verən hadisələr bu ölkədə ölkəmizə qarşı düşmən münasibəti yarandığını deməyə əsas verir. Məsələn, Azərbaycanın məşhur fizika alimi Rəşid Əliyevi bir neçə il saxlayıb, “casus” damğası vurdular. Bu yaxınlarda İranda itkin düşən Fərid Səfərli də casusluq ittihamı ilə həbs edilib. Gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn ilə bağlı məsələni də bura aid etmək olar. Bütün bunlar onu göstərir ki, İran Azərbaycanla bağlı istəkləri həyata keçmədikdə, insanlarımızı həbs etməklə, ləkələməklə məşğul olur”.
S.Soltan bu kimi halların gələcəkdə baş verəcəyinin istisna olmadığını da vurğulayıb:
“SEPAH-ın Qüds qolunun “Hüseyniyyun” təşkilatının üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycana qarşı fəaliyyət göstərirlər. İran tərəfi də bu məsələdən istifadə edir. Odur ki, Tehran rejiminin idarə etdiyi İran Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyidir. Məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumları, Prezident Administrasiyaası, strukturları, Xarici İşlər Nazirliyi kimi təşkilatlar qərar verməlidir. Azərbaycan XİN artıq İrana səfər etməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib. Təbii ki, bu xəbərdarlıqdan sonra İranda Azərbaycan vətəndaşının başına bir iş gəlsə, onun hüquqları müdafiə ediləcək. Lakin indidən tövsiyə edilir ki, bu ölkəyə getməyin. Həyatını və taleyini riskə atmaq istəməyənlər İranda müalicə arzusundan vaz keçib, ya ölkədə müalicə olunmalı, ya da başqa ölkəni seçməlidirlər”.