“Azərbaycan və Türkiyə liderləri yeni Türk birliyini birlikdə inşa edəcəklər”

0

Rəcəb Tayyib Ərdoğanın seçki zəfərini ilk təbrik edən liderin məhz Azərbaycanın dövlət başçısı olması heç də təsadüfi deyil. Şübhəsiz ki, ilk təbrik mesajı, ilk təbrik zəngi məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən olmalıydı. Çünki bizim ölkələrimiz dünyada ən yaxın dost və qardaş ölkələrdir.

Ayrıca Əliyev-Ərdoğan qardaşlığı da burada məxsusi qeyd edilməlidir. Onların qardaşlığı, dostluğu artıq zamanın sınağından müvəffəqiyyətlə çıxıb. Elə ona görə də türk qardaşlarımız ilk təbriki də məhz Azərbaycan Prezidentindən gözləyirdilər. İlham Əliyevin Ərdoğana zəng edərək, öna həm öz adından, həm də bütün xalqımızın adından təbriklərini çatdırması Türkiyənin Azərbaycan üçün həqiqətən də nə qədər önəmli ölkə, əziz ölkə olduğunu göstərir.

Prezident İlham Əliyev tamamilə haqlı olaraq bu qələbəni Türkiyə xalqının, türk seçicilərinin Rəcəb Tayyib Ərdoğanın yürütdüyü uğurlu siyasətə göstərdiyi etimad kimi qiymətləndirdi. Bəli, “Doğru adamla doğru yola davam” şüarı ilə seçki kampaniyasına başlayan, seçicilərin tam dəstəyini qazanan Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli inkişafı qarşıdakı illərdə daha da inamla davam etdiriləcək.

Sıravi insanlarımız da Türk xalqının qələbə sevincinə əsl qardaşlıq duyğusu ilə şərik çıxdı. Ərdoğanın qələbəsi Türkiyədən sonra ən çox məhz Azərbaycanda böyük coşqu və sevinc hissilə qeyd edildi. Əllərində iki ölkənin bayraqlarını tutaraq Bakı küçələrinə axışan, Türkiyə səfirliyinin önündə toplaşan insanlarımız qardaş ölkənin liderinin seçkidəki qələbəsini əsl demokratiya bayramı kimi qutladılar, qeyd etdilər.

“Cümhur İttifaqı”nın namizədinin tam və qəti qələbəsi ilə yekunlaşan bu seçkinin nəticələri yalnız “Türkiyə əsri”nə təkan verməyəcək. Biz bu seçkinin nəticələrinin qlobal anlamda da təzahürlərini görəcəyik. Belə ki, Ərdoğanın qələbəsi başda Azərbaycan olmaqla bütün türk dövlətlərinin gücünə güc qatacaq, Cənubi Qafqaza və qan çanağına dönmüş müsəlman ölkələrinə qalıcı sülh və hüzur gətirəcək.

Bir sözlə, bundan sonra güclü Türkiyə bölgəmizdə və dünyada sülhün əsas təminatçılarından birinə çevriləcək. Azərbaycan və Türkiyə liderləri əl-ələ verərək yeni Türk birliyini birlikdə inşa edəcəklər. “Bir millət, iki dövlət” ideyası Azərbaycan və Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə, daha böyük hədəflərə doğru daşıyacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »