“Prezidentin yürütdüyü fəal diplomatiya Ermənistanın səylərini də boşa çıxarır”

0

Prezident İlham Əliyevin Litvaya səfəri heç şübhəsiz ki, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə öz müsbət təsirini göstərəcək. Bu səfərdən sonra Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlər yeni məzmun qazanacaq və növbəti mərhələyə keçəcək. Lakin bu səfərin önəmi təkcə ikitərəfli münasibətlərin genişləndirilməsi üzrə razılaşma əldə edilməsində deyil. Biz bu səfərin məqsəd və nəticələrinə bir qədər daha qlobal kontekstdə yanaşmalıyıq.

Burada ən mühüm məqamlardan biri bu gün Rusiya-Ukrayna müharibəsi fonunda dünyada baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər şəraitində Azərbaycan və Litvanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynamaları ilə bağlıdır. Son bir-iki ildə Avropanın enerji xəritəsi məhz Azərbaycanın və Litvanın fəal təşəbbüsləri sayəsində kökündən dəyişib. Hər iki ölkə indi öz regionlarında – Cənubi Qafqaz və Baltikyanı istiqamətlərində əsas daşımalar qovşağına, xaba çevrilib. Odur ki, Litva ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində bundan sonrakı əməkdaşlıqlarını koordinasiyalı şəkildə davam etdirəcək. Bu olduqca vacib məqamdır.

Avropa Birliyinin bu gün həm Litva, həm də Azərbaycanla sıx əməkdaşlığa hava-su kimi ehtiyacı var. Həmçinin yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın genişləndirilməsində də Litva mühüm rol oynaya bilər. Litva bərpa olunan enerji mənbələri, o cümlədən günəş enerjisinin əldə edilməsi sahəsində böyük təcrübə və potensiala malikdir. Ona görə də bu ölkə Azərbaycanda yaşıl enerji sahəsi üzrə layihələr həyata keçirməkdə maraqlıdır.

Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri də ətraflı müzakirə olunub. Baltikyanı region ölkələrinin əsas aparıcı ölkəsi kimi Litvanın bu məsələdə hansı mövqedə dayanması Azərbaycan üçün çox önəmlidir. Çünki biz bilirik ki, Baltikyanı ölkələrdə erməni lobbisi kifayət qədər güclüdür və Ermənistan bu ölkələrlə əlaqələri genişləndirməyə, onların dəstəyini qazanmağa çalışır. Lakin Azərbaycan Prezidentinin yürütdüyü fəal diplomatiya Ermənistanın bu istiqamətdəki səylərini də boşa çıxarır.

İlham Əliyev Ermənistanın xarici siyasət sahəsindəki güclü mövqelərini neytrallaşdırır. Litva ilə münasibətlərimizin genişləndirilməsini də bu istiqamətdəki uğurlarımızdan biri hesab etmək olar. Bu baxımdan, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və dayanıqlı sülhün bərqərar olması üçün rəsmi Bakının konstruktiv səylər göstərməsi faktının Litva Prezidentinin diqqətinə çatdırılması gələcəkdə beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsində mühüm rol oynaya bilər. Dost ölkələrin sıralarını genişləndirmək siyasətimiz mükəmməl düşünülüb.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »