Ötən gün qardaş Türkiyənin hazırkı Prezidenti və eyni zamanda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan ilə “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında keçirilən görüşün nəticələrinin müsbət olacağına inanıram. Və bu nəticələrin həm Türk xalqını, həm də bütün Türk dünyasını məmnun edəcəyinə şübhəm yoxdur.
Sinan bəy təcrübəli siyasətçidir və ən əsası isə əsl vətənpərvər, millətsevər insandır. Onun mayın 28-də keçiriləcək ikinci tur seçkilərində “Millət İttifaqı”nın uğursuz namizədinə deyil, məhz “Cümhur İttifaqı”nın vahid namizədinə – Rəcəb Tayyib Ərdoğana dəstək verməsi hamımızın ümumi gözləntimizdir. Çünki Ərdoğana dəstək vermək bütün Türk dünyasının böyük gələcəyinə səs vermək deməkdir.
İlk dəfədir ki bu qədər çoxlu siyasi ittifaqın iştirak etdiyi 14 may seçkiləri demokratiya bayramı kimi yadda qaldı. Mayın 28-də Türkiyədə baş tutacaq ikinci tur seçkiləri demokratiyanın qələbəsi günü kimi yadda qalacaq. Həmin gün həm Azərbaycanın Müstəqillik Gününü, həm də Ərdoğanın yenidən prezident seçilməsini Türkiyə və Azərbaycan birlikdə qeyd edəcək.
“ATA İttifaqı”nın prezidentliyə namizədi, Azərbaycan əsilli siyasətçi Sinan Oğanın ikinci turda Azərbaycanın əleyhdarı kimi tanınan, bizim ölkəmizi “Yeni İpək Yolu” layihəsindən kənarda saxlamağı düşünən, PKK, HDP və FETÖ kimi terrorçu, təxribatçı qüvvələrlə sıx əməkdaşlıq edən Kamal Kılıçdaroğlu kimi bədnam siyasətçiyə dəstək verə bilməz. Sinan bəy Kamal Kılıçdaroğluya dəstək verərsə, azərbaycanlıların gözündən düşər. Biz Sinan Oğandan Azərbaycan və Türkiyənin qardaşlığı naminə həmrəylik gözləyirik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri