Güney Azərbaycan milli azadlıq hərəkatının fəall liderlərindən biri, GünAz TV-nin rəhbəri və qurucusu Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsi xəbərini böyük bir üzüntü hissilə qarşıladıq.
Obalılara hücum edən 6 nəfərin ABŞ polisi tərəfindən yaxalandığı bildirilir. Biz həmin şəxslərin İranın terrorçu-casus şəbəkəsinin üzvləri olduğu qənaətindəyik. Tehranın molla rejimindən hər cürə pislik gözləmək mümkündür.
Mollalar Güney Azərbaycandakı soydaşlarımızın müstəqil dövlətçiliyi uğrunda mübarizə aparan milli fəalları ən müxtəlif, amansız üsullarla aradan götürməyə, neytrallaşdırmağa çalışır. Ancaq onlar əks nəticə ilə üzləşəcəklər. Bu cür xain, repressiv üsullar fars-molla rejiminə qarşı nifrəti getdikcə daha da artıracaq.
Biz Milli Həmrəylik Partiyası olaraq Əhməd Obalıya və oğlu Dəniz bəyə “keçmiş olsun” deyir, onların tezliklə sağalmaları üçün dua edirik. Ümid edirik ki, Birləşmiş Ştatların hüquq-mühafiə orqanları da bu sui-qəsdi törədənləri və onların himayədarlarını tapıb layiqincə cəzalandırmaq üçün öz səylərini əsirgəməyəcək.
Güney Azərbaycan məsələsi artıq dünya birliyinin gündəminə oturmalıdır. Beynəlxalq təşkilatlar molla rejiminin azğınlığına səssiz qalmamalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri