Türkiyədəki prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə qurulacaq seçki qutularının sayı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Sərim məlumat verib.
O qeyd edib ki, xarici ölkələrdə Türkiyə vətəndaşlarının səsverməsi üçün ümumilikdə 3461 seçki qutusu qurulacaq.
“Xaricdə yaşayan vətəndaşlarımızın demokratik vəzifələrini yerinə yetirə bilmələri üçün xarici nümayəndələrimiz vasitəsilə lazım olan hər cür dəstəyi veririk”, – XİN rəhbərinin müavini bildirib.
Qeyd edək ki, Türkiyədən kənarda yaşayan vətəndaşlar 20-24 may aralığında səs verəcəklər.
Prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Türkiyə lideri Ərdoğan və müxalifətin nümayəndəsi Kılıçdaroğlu mübarizə aparacaq.