N. Məmmədli ilə görüşə Dövlət İdarəçilik Akademiyasının tələbəsi Tural Rəhimzadə və BDU-nun tələbəsi Telli Zeynalova gəliblər.
Öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.
Daha sonra ölkədə dövlətin gənclərə qayğı və diqqətindən, həyata keçirilən proqramlardan, gənclərin ictimai işlərdə fəallığı ilə bağlı fikir mübadiləsi aparılıb.
N. Məmmədli qeyd edib ki, Azərbaycanın gələcək inkişafı üçün zəmin və ən vacib insani yatırım strategiyası olan dövlət gənclər siyasəti ölkəmizdə uğurla icra olunmaqdadır. Azərbaycan gənclərinin inkişaf etmiş aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin böyük rolu olub. Əslində bu siyasətin banisi ümummilli lider Heydər Əliyevdir. Onun gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Direktor onu da vurğulayıb ki, dövlət siyasətinə uyğun olaraq ölkədə gənc nəslin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı və uğurlu fəaliyyətinə nail olunması istiqamətində məqsədyönlü addımlar atılır. Ölkədə müxtəlif dövlət proqramları çərçivəsində gənc nəslin bütün sahələrdə inkişafı, dünyagörüşlərinin zənginləşdirilməsi, onların cəmiyyətdəki fəallığını artırmaq, şəxsi inkişafına töhfə vermək, o cümlədən karyera yolunu istiqamətləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Sonda Nadir Məmmədli müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb və öz tövsiyələrini verib.