“Onlar yenidən qurulan doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər”

0

Əsl həqiqətlər məhz müqayisə zamanı ortaya çıxar. Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu dövlət olmasını Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərinin fonunda əyani şəkildə görmək mümkündür. 30 il davam edən işğal dönəmində işğalçı-terrorçu ölkənin həm sabiq prezidentləri, həm də hazırkı baş naziri qanunsuz olaraq səfər etdikləri Qarabağın viran edilməsinə, talanmasına göz yumurdular. Onlar özlərininki hesab etdikləri Qarabağda və Şərqi Zəngəzurda 30 il ərzində heç bir quruculuq işi aparmadılar. Çünki yaxşı bilirdilər ki, bu torpaqlar onların deyil və bir gün bu torpaqların əsl sahibləri mütləq geri qayıdacaq.

Qayıtdıq. Düşmənin başını 44 günlük Vətən müharibəsində dəmir yumruğumuzla əzərək tarixi torpaqlarımızı işğaldan azad etdik və indi də bu torpaqlarda quruculuq işləri ilə məşğuluq. Erməni vandalizminin ucbatından viran qalmış şəhər və kəndlərimizi yenidən dirçəltməyə, bərpa etməyə çalışırıq. Dövlət başçımızın may ayının əvvəllərində işğaldan azad olunmuş ərazilərimizə növbəti səfəri zamanı Qarabağda və Şərqi Zəngəzurun müxtəlif istiqamətlərində 10-dan çox kəndin təməlini qoyub, eyni zamanda bir sıra açılış mərasimlərində iştirak etməsi bunun əyani sübutudur.

Bəli, indi əsas diqqətimiz məhz bu istiqamətə yönəlib. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatlarının köməyi olmadan minalanmış əraziləri təmizləyir və paralel olaraq bərpa-quruculuq işləri aparır. Və heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün bu işlər Azərbaycanın iqtisadi gücünü, potensialını göstərir.

Böyük Qayıdışın baş tutması üçün görülən işlərin sürətləndirilməsi bu gün dövlət və xalq olaraq əsas prioritetlərimizdən biridir. Keçmiş məcburi köçkünlərimiz hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini böyük razılıq hissilə təqdir edirlər. Onlar yenidən qurulan doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. İnşAllah 2023-2025-ci illər Böyük Qayıdışın mərhələ-mərhələ gerçəkləşəcəyi dövr kimi ən yeni tariximizin parlaq səhifələrindən birinə çevriləcək. Köçkün soydaşlarımız azad olunmuş ərazilərə qayıdaraq, Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs verəcəklər. Dünya birliyi qurucu azərbaycanlılarla vandal ermənilərin fərqini hələ çox görəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »