Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır.
Axar.az xəbər verir ki, bu sözləri MDB Dövlətləri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov deyib.
O bildirib ki, əgər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, onda sülhməramlıların mandatı nə olacaq və onlar öz missiyalarını necə davam etdirə bilərlər?
“Təbii ki, Rusiyanın Cənubi Qafqazda öz təsirini saxlamaq istəyi var, lakin bunun üçün bu təsirin saxlanmasını təmin edəcək alətlər və mexanizmlər lazımdır. Mexanizmlərdən biri (Azərbaycanda) sülhməramlıların, Ermənistanda isə iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasının olmasıdır”, – deyə Markarov bildirib.
Markarov onu da diqqətə çatdırıb ki, nüfuz mübarizəsində kimin təsir mexanizmləri daha çoxdursa, o, daha yaxşı vəziyyətdə olur:
“İndi Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib, lakin onların Cənubi Qafqazı unutduğunu söyləmək çətindir”.