Azərbaycan liderliyini qoruyur

0

Dövlət başçısı İlham Əliyevin mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı, aparılan müzakirələr zamanı ünvanlanan suallara cavabları həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə edilir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti, dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artan rolu, tarixi Zəfərimizdən sonra regionda və dünya siyasətində baş verən yeniliklər və sair kimi məsələlər konfransda geniş müzakirə edildi. Prezident İlham Əliyevin mövzu ilə bağlı fikirləri bir daha sübut edir ki, Azərbaycan 2020-ci ildən bu günə qədər irəli sürdüyü sülh təklifi ilə bağlı mövqeyində israrlıdır. İmzalanma prosesinin uzanmasında maraqlı olan Ermənistandır.

“Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur” bildirən Prezident İlham Əliyev onu da əlavə etmişdir ki, İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi: “Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu.”

Prezident İlham Əliyev çıxışında Avropanın enerji təhlükəsizliyi ilə bağlı ölkəmizin mövqeyini, həmçinin planlarını gələcəyi nəzərə alaraq tənzimlədiyini də diqqətə çatdırdı. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu daha da artırır. Keçmişdən bu günə Azərbaycanın enerji diplomatiyasını təhlil etdikdə hər bir hədəfin zamanında reallığa çevrildiyini böyük inamla qeyd edirik. Cənab İlham Əliyev “Biz həmişə planlarımızı gələcəyi nəzərə alaraq tənzimləmişik, çünki mənim atamın baxışı belə olub” söyləyərək onu da bildirmişdi ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, doğrudur: “Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var.”

Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində də Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasətinin əsas tərkib hissəsi olan neft strategiyasının uğurlarından bəhs edərkən bildirdi ki, iqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir: “Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.” Ümumiyyətlə, konfransda səsləndirilən fikirlərdən, dövlət başçısının qeyd edilən müraciətində əksini tapan hədəflərdən də göründüyü kimi, keçmişdən bu günə keçilən yolun təhlili gələcək barədə aydın təsəvvür yaradır. Azərbaycan hər bir sahədə liderliyini qoruyur.

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »