İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Axar.az xəbər verir ki, beynəlxalq səyahətçilər əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və Füzuli rayonu azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə yerində tanış olacaqlar. Dünya səyyahlarının Füzulidə minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulur. İsveçli səyyahlar Füzulidən sonra Xocavənd rayonundakı Azıx mağarası ilə tanış olacaqlar. Daha sonra isə Ağdam şəhərinə, Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər nəzərdə tutulur.
Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.
Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri-i isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin səfəri bu qəbildən olan sayca 7-ci səfərdir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir.
Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla tanış olublar.