Tələbələr akademik İsa Həbibbəyli ilə görüşüblər – FOTO +VİDEO

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin ölkənin tanınmış ziyalıları, elm və ictimai-siyasi xadimləri ilə növbəti görüş Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli ilə olub.

Avrasiya.net xəbər verir ki, akademiklə Azərbaycan Dövlət Pedaqoji universitetinin tələbələri Raman İsmayılov və Aytac Muradlı görüşüblər.

Öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib. Daha sonra ölkədə dövlətin gənclərə qayğı və diqqətindən, həyata keçirilən proqramlardan, gənclərin bütün sahələrdəki fəallığından söhbətlər aparılıb.

Akademik bildirib ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, həmçinin hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı vəzifələr gənclərimizin milli maraqlar əsasında səfərbər olunmasını, eyni zamanda, onların harmonik inkişafını təmin etməyə imkan verən dövlət siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini meydana gətirib. Gənclik cəmiyyətin ən dinamik, yeniliyə və inkişafa açıq olan, daim irəliyə can atan, həssas və qayğıya ehtiyacı olan təbəqəsidir.

İ.Həbibbəyli onu da vurğulayıb ki, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən siyasət təsdiqləyir ki, hər zaman gənc nəslə böyük dəstək olmuş, onların daha da inkişafı üçün əlindən gələni əsirgəməyib. Bu baxımdan müstəqil Azərbaycanın inkişafı üçün müasir dünyagörüşünə malik, savadlı kadr potensialının formalaşması istiqamətində mühüm addımlar atılmağa başlandı. İlk növbədə bir qrup gənc xarici ölkələrdə təhsil almağa və ixtisasartırma kurslarında iştirak etməyə göndərildi.

Təbii ki, ulu öndərin apardığı bu siyasət tez bir zamanda öz müsbət nəticələrini göstərdi. Modernləşməni, dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmağı hədəf seçən ölkəmizdə son 10 ildə güclü iqtisadi potensial və intellektual resurslar formalaşıb.

Akademikin fikrincə, gənclərə diqqət və qayğının əsas məqsədi yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.

Tələbələr də öz növbəsində ölkədə həyata keçirilən gənclər siyasətindən məmnun qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Sonda akademik müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb və onlara öz tövsiyələrini verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »