“Ümid edək ki, mollalar heç olmasa, bu dəfə düzgün qərarlar qəbul etmək üçün özlərində güc tapacaq”

0

Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı verdiyi olduqca önəmli açıqlamaları ilə necə deyərlər, gündəmə damğasını vurdu.

Mən Cənab Prezidentin çıxışından bir neçə məqamı xüsusilə qeyd etmək istəyirəm. Dövlət başçımız əvvəlki çıxışlarından fərqli olaraq bu dəfə hərbi-siyasi ritorikaya yox, diplomatik ritorikaya üstünlük verdi və qeyd etdi ki, “əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

Bu açıqlaması ilə dövlət başçımız gələcək üçün seçimi Ermənistanın öz ixtiyarına buraxdı və Ermənistanı sülhə məcbur etmək siyasətini davam etdirnəyəcəyini bəyan etdi. Lakin eyni zamanda Ermənistanı idarə edənlərin konstruktiv qərarlar qəbul edəcəklərinə ümid bəslədiyini də vurğuladı: “Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”.

Bu, tamamilə yeni yanaşma və yeni ritorikadır. Bundan əvvəl Azərbaycan son 20 ildə davamlı şəkildə hərbi siyasət yürütmək taktikasına üstünlük verirdi. Lakin Cənab Prezidentin bu son çıxışında isə biz rəsmi Bakının hərbi-psixoloji təzyiq siyasətindən və ritorikasından imtina etdiyini müşahidə etdik. Prezident birmənalı surətdə bəyan etdi ki, “bu qədəri bəsdir”. Çünki artıq əsas strateji hədəflərimizə çatmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Gündəlikdəki digər məsələləri isə bundan sonra siyasi yolla, danışıqlar yoluyla da həll etmək mümkündür. Ən vacib məqamlarda isə qısamüddətli antiterror əməliyyatları da keçirə bilərik. Ancaq yenə də deyirəm bundan sonra üstünlük əsas etibarilə diplomatik çözüm yollarına veriləcək.

Cənab Prezidentimizin bu yeni yanaşması Ermənistan rəhbərliyinə də, revanşizmə can atan erməni müxalifətinə də, millətçilik zəhəri ilə zəhərlənmiş erməni toplumuna da ünvanlanmış olduqca düşündürücü mesajdır. Bəli, tarixdən də bilirik ki, dünyada sülh sazişini imzalamayan ölkələr də var. Yəni ki, biz sülh müqaviləsi olmadan da yaşaya və öz hədəflərimizə nail ola bilərik, odur ki, sülh müqaviləsinin imzalanmasında bizdən daha çox Ermənistanın özü maraqlı olmalıdır. Çünki sülh müqaviləsinin bağlanmayacağı təqdirdə bundan itirən tərəf, zərər görən tərəf biz yox, Ermənistan olacaq. Bu, heç bir sübuta ehtiyacı olmayan adi bir aksiomadır. Əslində İlham Əliyevin bu taktikası, yeni yanaşması Ermənistan rəhbərliyini reallıq hissinə qaytarmağa hesablanıb. Çünki sülh imzalamayacağı təqdirdə Ermənistan yenə də transmilli layihələrdən kənarda qalacaq və yenə də kimlər üçünsə “bufer” dövlət funksiyasını icra etməyə davam edəcək.

Prezidentin Şuşadakı çıxışında toxunduğu digər bir məqam vasitəçilərsiz sülh danışıqları formatını təklif etməsi oldu. Bu da o deməkdir ki, sülh danışıqlarının yenidən “dalan”a dirənməməsi üçün və yekun sazişi imzalaya bilmək üçün ən yaxşı yol heç bir vasitəçi, məsləhətçi (və ya təxribatçı, pozucu) qüvvələrin iştirakı olmadan, Azərbaycanla Ermənistanın öz aralarında birbaşa danışıqlar aparması daha səmərəli nəticələr verə bilər. Rəsmi İrəvan bu formata razılıq versə, danışıqlar prosesində tezliklə böyük irəliləyiş əldə edilə bilər.

Dövlət başçımızın məlum çıxışında ən vacib məqamlardan biri də İranın son dövrlərdə Azərbaycana qarşı davakar, aqressiv siyasət yürütməsinə olduqca tutarlı şərh verməsi, münasibət bildirməsi oldu. İlham Əliyev İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin həddindən artıq aşağı səviyyədə olduğunu və bunun da günahının məhz İranın üzərinə düşdüyünü bəyan etdi. Prezident İran “qırmızı xətt”i keçməsini dilə gətirməklə həm bu ölkənin Azərbaycana qarşı terrorçu siyasətini ifşa edərək başa saldı ki, bizimlə terror diliylə danışmaq mümkün deyil, həm də sübut etdi ki, hazırda iki ölkə arasında münasibətlərin bu qədər gərgin olması İran tərəfinin seçimidir: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

Biz İlham Əliyevin özünü normal qonşu kimi, müsəlman ölkəsi kimi aparmayan İranın yanlış siyasəti ilə bağlı bu qədər açıq mətnlə danışmasını təqdir edirik. Dövlət başçımızın çıxışında İranın fars-molla rejiminin dərindən düşünməsi və öz siyasətinə çəki-düzən verməsi üçün olduqca faydalı məqamlar, məsləhətlər var. Ümid edək ki, mollalar heç olmasa, bu dəfə düzgün qərarlar qəbul etmək üçün özlərində güc tapacaq. Hərçənd ki, 4 diplomatımızı “persona non-qrata” elan etməkləri onu göstərir ki, irqçi-fars mollalarından müdrik davranış gözləmək əbəsdir. Nə etməli, bu da molla rejiminin öz seçimidir.

Azərbaycan ilə İran arasında münasibətlərin hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədə olması göz qabağındadır və bu münasibətlərin bundan sonra daha da aşağı düşəcəyi və yaxud qalxacağı bizdən yox, molla rejimindən asılıdır. Böyük ehtimalla mollalar terrorçu Ermənistanla münasibətləri isti saxlamağa davam edəcək, lakin eyni zamanda Azərbaycanla münasibətlərinə də səmimilik görüntüsü verməyə çalışacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »