ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüşün bir həftə davam edəcəyini bəzi ekspertlər danışıqların ağır getməsinin nəticəsi kimi yozur. Xeyr, əsas səbəb bu deyil. Blinkenin Azərbaycan və Ermənistanin xarici işlər nazirlərinin görüşünün bir həftə davam edəcəyini bildirməsinin arxasında bu amil dayanmır.
Təbii ki, 30 il davam edən işğalın Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra məğlub ölkədə baş qaldıran revanşizm meylləri və regionda marağı olan bəzi ölkələrin geosiyasi oyunları, prosesə müdaxilələri fonunda aparılan sülh danışıqlarının ağır getməsi anlaşılandır. Lakin ABŞ-ın paytaxtında baş tutan son danışıqların ənənəvi formatlardan kənara çıxaraq bir həftə davam etməsi tamamilə fərqli amillə bağlıdır.
Görünən budur ki, Moskva və Brüssel görüşlərindən fərqli olaraq Vaşinqtonda baş tutan bu danışıqlar daha əsaslı, daha predmetli və mahiyyəti üzrə aparılır. Yəni Vaşinqton prosesi siyasiləşdirməyə yox, daha çox hüquqi müstəviyə çəkməyə üstünlük verir. Ona görə də, Azərbaycanla Ermənistan arasında imzalanacaq yekun sülh sazişi detallı şəkildə müzakirə olunur, hər bir nüans tərəflər arasında razılaşdırılır.
Bu da o deməkdir ki, Moskva və Brüssel formatından fərqli olaraq Vaşinqton danışıqları peşəkar vasitəçilik prinsipləri üzərində qurulub və ABŞ Dövlət katibi siyasi spekulyasiyalarla məşğul olmaq əvəzinə, problemi köklü həll etməkdə, sülh müqaviləsinin tezliklə imzalanmasına nail olmaqda israrlıdır.
Blinkenin ev sahibliyi ilə hər iki ölkənin – Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri tam işgüzar şəraitdə, üzbəüz oturub sülh müqaviləsinin yekun variantının hazırlanması üzərində intensiv işləyirlər. Bu cür vasitəçiliyi ancaq alqışlamaq olar. Vasitəçinin əsas missiyası hər iki tərəfi konstruktiv iş və münasibətlər məcrasına kökləməkdir ki, bu da ABŞ-da yaxşı alınır. Bu mənada, Rusiya və Fransanın ABŞ-dan öyrənə biləcəyi hələ çox şey var.
Yeri gəlmişkən, ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda 4-cü beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən görüşə də toxundu və çox önəmli bir açıqlama verdi. Dövlətimizin başçısı bildirdi ki, “Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”.
Cənab Prezidentimizin bu yanaşması yeni paradiqmadır və eyni zamanda Ermənistana da, onun havadarlarına da ünvanlanmış olduqca düşündürücü mesajdır. Tarixdən də bilirik ki, dünyada sülh sazişini imzalamayan ölkələr də var. Yəni ki, biz sülh müqaviləsi olmadan da yaşaya və öz hədəflərimizə nail ola bilərik, odur ki, sülh müqaviləsinin imzalanmasında bizdən daha çox Ermənistanın özü maraqlı olmalıdır. Çünki sülh müqaviləsinin bağlanmayacağı təqdirdə bundan itirən tərəf, zərər görən tərəf biz yox, Ermənistan olacaq. Zənnimcə, İlham Əliyevin bu ismarıcı Ermənistan rəhbərliyini reallıq hissinə qaytaracaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri