Azərbaycanın etibarlı tərəfdaş olduğu faktı artıq beynəlxalq aləmdə hər kəs tərəfindən qəbul edilir. Bunun təsdiqini dünən Bolqarıstan Prezidenti Rumen Radevin çıxışından da bir daha gördük. Belə ki, on ildən artıq müddət əvvəl imzalanmış müqaviləyə əsasən, Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğunu vurğulayan Rumen Radev birmənalı şəkildə vurğuladı ki, Prezident Əliyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut etdi.
Özü də söhbət təkcə etibarlı ticarət tərəfdaşı olmaqdan getmir. Azərbaycan qlobal siyasi anlamda da öz etibarlılığını artıq çoxdan sübut edib. Və bu gün Azərbaycanın fəal şəkildə yürütdüyü enerji diplomatiyası hazırkı geosiyasi təlatümlər və Rusiya-Ukrayna müharibəsi fonunda istər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, istərsə də Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında həlledici rol oynayır. Hazırda Azərbaycanın arsenalında qitə ölkələrinə təklif edə biləcəyi bir çox layihələr – neft meqalayihələrindən tutmuş, qaz, yaşıl hidrogenə qədər çeşidli layihələr var.
Bütün bunlarla yanaşı, həm də güclü ötürmə xətləri, şaxələnmiş logistika olacaq. Bu isə, öz növbəsində Mərkəzi Asiya və Cənubi Qafqazdan tutmuş Şərqi və Qərbi Avropaya qədər çox nəhəng bir arealda tamamilə yeni geoiqtisadi vəziyyət yaradacaq. Bir sözlə, indi tam əminliklə demək olar ki, Azərbaycanın aparıcı rol oynaması şərtilə Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin yürütdüyü enerji diplomatiyası həqiqətən də mükəmməldir. Dövlət başçımızın sayca 5-ci dəfə Bolqarıstana səfər etməsi isə enerji diplomatiyamızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək.
Dünən Bolqarıstanın paytaxtı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasiminin baş tutması da öz növbəsində Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də bütövlükdə Avropa İttifaqının strateji tərəfdaşı olduğunu bir daha təsdiqlədi. Cənub Qaz Dəhlizinin işə düşməsi indi Azərbaycanı Avropanın enerji təminatında birmənalı olaraq mühüm mərkəzlərdən birinə çevirib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum”u isə Azərbaycanın bu statusunu beynəlxalq müstəvidə möhkəmləndirib. Ümumiyyətlə, hazırda dünyanın güc mərkəzləri üçün Azərbaycanın əhəmiyyəti gün-gündən artır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri