Qanunsuz olaraq tikinti işlərinin aparılması faktı ilə bağlı cinayət işi başlanıb.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, Lənkəran şəhəri ərazisində qanunsuz olaraq çoxmənzilli yaşayış binasının inşa edilməsi barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hünər Hadızadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran şəhəri ərazisində layihədən kənar aparılan tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərarı qərəzli olaraq icra etməməsi, həmçinin tikintiyə dair normaları pozaraq aidiyyəti dövlət qurumlarının rəyi olmadan qanunsuz olaraq çoxmənzilli yaşayış binası inşa etdirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 222-3 (qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.