BNA 3 aya ləğv olunacaq – EKSPERT

0

“Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağl fərman gözlənilən idi. Məsələ burasındadır ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır”.

Bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.

“Yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini, özü də bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək. Bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır”, – deyə ekspert bildirib.

 


Ə.Hüseynov söyləyib ki, yeni islahatlar ilə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rolu müəyyən olunmalıdır:

“Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin (loru dildə – şəhər meriyalarının) və bələdiyyələrin rolu müəyyən olunmalıdır. Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz. Nə isə, görüləcək işlər çoxdur. Bütün bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimi bir şeydir. Ümid edək ki, seçilmiş və irəliləyəcəyimiz yol ən doğru və ən uğurlu yol olacaq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »