İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: “İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırki vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksu yoxdur:
“Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur”.