“Oğlum 13 ayın əsgəridir. Sonuncu dəfə aprelin 4-ü danışmışam Hüseynlə. Oğlumun itkin düşməsini ayın 7-si eşitdim. Digər ailəyə bizdən bir gün qabaq xəbər ediblər. Demək, mənə iki gündən sonra xəbər veriblər”.
Bu barədə “Qafqazinfo”ya Ermənistanda əsir götürülən əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.
O, oğlunun itkin düşməsi barədə ilk məlumatın Mehdiabad Rayon Polis Şöbəsindən verildiyini qeyd edib.
“Oğlumun əsir götürülməsini bu gün internetdə Ermənistan kanallarından öyrənmişəm. Balama işgəncə verməsinlər. Yeddi gündür onları izləyirəm, oğlumun hər addımını axtarıram. Bütün aidiyyəti qurumlara məlumat vermişəm. İndi də Baş Prokurorluğa gedirəm. Orada məni gözləyirlər” – deyə, Ş. Axundova fikrini yekunlaşdırıb.
Qeyd edək ki,bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.